Prezident İlham Əliyev Bakıda Hacı Cavad məscidinin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib. AZƏRTAC dövlət agentliyinin verdiyi məlumata görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
“Prezident İlham Əliyev Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətdən narahat olub”, - deyə o bildirib.
Ə.Həsənovun sözlərinə görə, dövlət başçısı narazılıq edən inanclı insanların reaksiyasını nəzərə alaraq məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.