Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunandan bu il fevralın sonuna qədər müayinədən 249050 nəfər keçib.
Səhiyyə Nazirliyindən verilən xəbərə görə, 1 iyun 2015-ci il – 28 fevral 2017-cı il tarixlərində müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkarlansa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumu qənaətbəxş olub. Fevral ayında müayinədən keçmiş 440 nəfərdə talassemiya daşıyıcılığı, 49 nəfərdə sifilis, 9 nəfərdə isə QİÇS aşkarlanıb.
Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.