“Azərbaycan və Niderland arasında ikitərəfli əlaqələr siyasi sahədə yaxşı inkişaf edib”.
APA-nın məlumatına görə, bunu Niderland Xarici İşlər Nazirliyi və Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə Açıq Hökumət Tərəfdaşlığı Dialoq Platformasının həyata keçirdiyi “Açıq hökumət tərəfdaşlığı platforması fəaliyyətdə” layihəsi çərçivəsində jurnalistlər üçün keçirilən təlimdə Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kerversi deyib.
O. Kerversi xatırladıb ki, bu il Azərbaycanla Niderland arasında diplomatik əlaqələrin 25 illiyidir: “Bu müddət ərzində iki ölkə arasında yaxşı diplomatik əlaqələr, enerji sahəsində əməkdaşlıq qurulub. Biz Azərbaycanla əlaqələri gücləndiririk. Azərbaycan çox gənc dövlətdir, bu ölkədə demokratiya, insan hüquqlarının təbliği, açıq hökumət tərəfdaşlığı ilə bağlı qanunlar qəbul edilib. Niderland da bu sahədə inkişafa yardım göstərmək niyyətindədir. Hazırda həyata keçirilən layihə də bu nümunələrdən biridir. Bu layihə insan hüquqlarının qorunması və qanunun aliliyinə yardım göstərəcək. Açıq hökumət, şəffaflıq açıq bazar iqtisadiyyatının, demokratik ölkənin qurulmasına yardımdır. Bu layihə Azərbaycan hökumətinin bu sahədə maraqlı olduğunu, tədbirlər həyata keçirdiyini göstərir. Biz çox şadıq ki, Azərbaycan hökuməti Niderland hökuməti, vətəndaş cəmiyyəti və jurnalistlərlə əməkdaşlığa hazırdır. Media açıq hökumət tərəfdaşlığı barədə məlumatlı olmalı, bu barədə cəmiyyətə məlumatlar çatdırmalıdır".