Azərbaycanda kəndlərdə investisiya layihələrinin icrası ilə bağlı birgə işlər aparılacaq və kəndlərlə bağlı yeni inkişaf konsepsiyası hazırlanacaq. FED.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə keçirilən kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında verdiyi tapşırıqlara uyğun olaraq sosial layihələrə diqqət artırılacaq, o cümlədən özünüməşğulluq proqramı təkmilləşdiriləcək.
Nazir xatırladıb ki, 2018-ci ildə özünüməşğulluq proqramına əvvəlki ilə nisbətən 6,5 dəfə çox şəxs cəlb edilib.
İndi isə beynəlxalq təcrübəni öyrənməklə proqramın əhatə dairəsinin ciddi surətdə genişləndirilməsi nəzərdə tutulur. Bundan başqa, proqramın icrasına, proqram çərçivəsində yaradılan təsərrüfatlara, müəssisələrə nəzarət və dəstək mexanizmi də təkmilləşəcək.
Nazirliyin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanovun, Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynovun, Əlilliyi olan şəxslərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayevin, Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmovun çıxışları dinlənilib. “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın həyata keçirilməsinə dair hazırlanmış Tədbirlər Planı layihəsi, bir sıra aidiyyəti normativ aktlara, həmçinin ayrı-ayrı sahələrlə bağlı Vahid Tarif-İxtisas Sorğu Kitabçalarına dəyişiklik edilməsi və s. məsələlər də müzakirə olunub.