Azərbaycanda əmək pensiyaları 160 manatdan aşağı pensiya alan bütün təqaüdçülərə şamil edilir. Nəticədə 233 min insanın pensiyasında artım olacaq. Bunun 140 mini məhz əlilliyi olan şəxslərdir.
FED.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib.
Müavinətlərlə bağlı konseptual iş aparıldığını deyən nazir respublika üzrə ümumi müavinətlərin və təqaüdlərin siyahısının 80-ə çatdığını söyləyib. Onların optimallaşdırılması və təkmilləşdirilməsi ilə bağlı ciddi iş aparılır.
Özəl pensiya sisteminin yaradılması məsələsinə toxunan S.Babayev bu gün qanunvericilikdə bununla bağlı hər hansı məhdudiyyətin olmadığını qeyd edib: “Özəl pensiya sistemi ilə əlaqədar istənilən şəxs müraciət edə bilər. Lakin özəl pensiya sisteminin yaradılması üçün onun kommersiya və mənfəətlilik tərəfi olmalıdır. O, birbaşa məşğulluq bazarı, əhalinin gəlirləri ilə bağlıdır”.
Nazir, həmçinin əlavə edib ki, hazırda Azərbaycanda həyat sığortası fəaliyyət göstərir və o, özəl pensiya sisteminin ilk pilləsidir: “Əlbəttə onların inkişafının müəyyən mərhələsində özəl pensiya fondlarına çevrilməsi də gözlənilə bilər. Bu pensiya sisteminin inkişafından asılıdır”.