"2017-ci ilin sonuna Azərbaycan əhalisinin sayının 9 milyon 822 min nəfərə çatacağı gözlənilir". Bunu 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
S. Müslümov rəhbərlik etdiyi qurumun apardığı aktuar hesablamalara əsasən 2017-ci ildə demoqrafik inkişaf meylləri, əhalinin məşğulluğunun və sosial vəziyyətinin səciyyələndirən göstəriciləri, eləcə də sığorta-pensiya sisteminin əsas parametrlərində gözlənilən dəyişikləri açıqlayıb: "Gələn ilin sonuna doğulanların sayının 159 min nəfər, təbii artımın 102,5 min nəfər təşkil edəcəyi, gözlənilən ömür uzunluğunun 75,2 yaşa, o cümlədən qadınlar üzrə 77,6 yaşa, kişilər üzrə 72,7 yaşa çatacağı, 15 yaşınadək əhalinin bütün əhalinin 22,5%-ni, 15-64 yaşadək əhalinin bütün əhalinin 71,3%-ni, 65 yaşdan yuxarı əhalinin isə bütün əhalinin 6,2%-ni təşkil edəcəyi gözlənilir. Əməkqabiliyyətli yaşda olan əhalinin orta illik sayının 6,2 milyon nəfər olacağı, ölkə əhalisinin 63,1%-ni təşkil edəcəyi, iqtisadiyyatda məşğul olanların orta illik sayının 4 milyon 740 min nəfərə çatacağı və iqtisadi fəal əhalinin 95% təşkil edəcəyi proqnozlaşdırılır. 2017-ci ildə muzdla işləyənlərin orta illik sayı 1 milyon 520 min nəfər və ya məşğul əhalinin 32,1%-i qədər, iqtisadiyyatda sərbəst məşğul əhalinin orta illik sayı isə 3 milyon 220 min nəfər proqnozlaşdırılır. Nəzərdə tutulur ki, hər işçiyə hesablanmış orta əmək haqqı ilin əvvəlinə nisbətən 3,7% artaraq 508 manata çatacaq. 2017-ci ildə pensiya sisteminə daxil olacaq və pensiya sistemindən çıxacaq pensiyaçıların sayı proqnozlar əsasında əmək pensiyaçılarının orta illik sayını formalaşdırıb ki, bu da təqribən 1 milyon 324 min nəfər nəzərdə tutulur. Bu, hazırda orta illik saydan təqribən 16 min nəfər çoxdur".