Məlum olduğu kimi əmək münasibətləri çərçivəsində qanunvericiliyin tələblərinə görə hər bir əmək müqaviləsi üzrə işçiyə minimum aylıq əmək haqqından az olmayaraq ödəniş verilməlidir. Bu tələbin pozulması isə kifayət qədər ciddi sanksiyalarla nəticələnə bilir.
Minimum əmək haqqı nə zaman artırılacaq?
Dövlət və özəl sektorda əmək haqqı məbləğləri toplanaraq əməyin ödənişi fondunu formalaşdırır. Buna uyğun olaraq işəgötürən həmin fondda toplanan vəsaiti mövcud tələblərə uyğun olaraq aidiyyəti istiqamətlər üzrə ödəmək öhdəliyi daşıyır.
Misal olaraq qeyd edək ki 2026-cı il üzrə əməyin ödənişi fondundan işəgötürənin ödəməli olduğu tutulmalar aşağıdakı kimidir:
– məcburi dövlət sosial sığorta haqqı
– işsizlikdən sığorta haqqı
– icbari tibbi sığorta haqqı
Daha aydın desək, hər bir işçinin əmək haqqı məbləğindən asılı olaraq, işəgötürən həmin məbləğə uyğun qaydada müəyyən faiz nisbətlərində əlavə ödənişləri vermək öhdəliyi daşıyır.
1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər
əmək haqqı minimum aylıq əmək haqqına bərabər – 400 AZN olanlar üçün işəgötürənin əlavə xərcləri
- a) sosial sığorta haqqı – 400 AZN əmək haqqının 200 AZN hissəsinə görə 22%-i, yəni 44 AZN,
200 AZN-dən yuxarı hissə üçün isə 200 AZN-in 15%-i, yəni 30 AZN, ümumilikdə 44+30=74 AZN
- b) işsizlikdən sığorta haqqı – 400 AZN-in 0.5%-i = 2 AZN
- c) icbari tibbi sığorta haqqı – 400 AZN-in 2%-i = 8 AZN
44+30+2+8=84 AZN
İşəgötürənin 400 AZN əmək haqqı alan şəxsə görə əməyin ödənilməsi fondundan tutulan məbləğ 84 AZN (2021-ci ildə 300 AZN alan şəxs üçün 55,25 AZN idi) təşkil edir.
Bu isə o deməkdir ki, işçiyə ödənilən 400 AZN-ə görə işəgötürən əlavə olaraq 84 AZN ödəniş etmək öhdəliyi daşıyır.
Minimum aylıq əmək haqqının 50 manat artması halında isə işəgötürən 50 manatın 15%-i həcmində (7.5 manat) sosial sığorta haqqı, 0.5% işsizlikdən sığorta haqqı (0.25 manat) və 2% tibbi sığorta haqqı (1 manat) ödəməli olacaq. Bu isə əlavə olaraq 8.75 AZN həcmində öhdəliyin ödənişi deməkdir.
2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər
əmək haqqı 400 AZN olanlar üçün işəgötürənin öhdəlikləri
- a) sosial sığorta haqqı – 400 AZN-in 22%-i = 88 AZN
- b) işsizlikdən sığorta haqqı – 400 AZN-in 0.5%-i = 2 AZN
- c) icbari tibbi sığorta haqqı – 400 AZN-in 2%-i = 8 AZN
88+2+8=98 AZN
İşəgötürənin işçinin əmək haqqına görə əməyin ödənişi fondundan tutulan məbləğ 98 AZN olacaq
Bu halda isə işəgötürən işçiyə ödənilən 400 AZN əmək haqqından əlavə olaraq, 98 AZN həcmində ödənişləri vermək öhdəliyi daşıyır.
Minimum aylıq əmək haqqının 50 manat artması halında isə işəgötürən 50 manatın 22%-i həcmində (11 manat) sosial sığorta haqqı, 0.5% işsizlikdən sığorta haqqı (0.25 manat) və 2% tibbi sığorta haqqı (1 manat) ödəməli olacaq. Bu isə əlavə olaraq 12.25 AZN həcmində öhdəliyin ödənişi deməkdir.
Onu da nəzərə almaq lazımdır ki, bununla yanaşı işçiyə münasibətdə işəgötürənin istehsalatda bədbəxt hadisələrdən sığorta öhdəliyi də mövcuddur. Və bu da işçinin işə başladığı gündən təmin olunmalıdır.
Vəkil Sürəyya Həbilova














