Niderland Xarici İşlər Nazirliyi və Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə Açıq Hökumət Tərəfdaşlığı Dialoq Platformasının (AHT Platforması) həyata keçirdiyi "Açıq hökumət tərəfdaşlığı platforması fəaliyyətdə" layihəsi çərçivəsində jurnalistlər üçün təlim keçirilib.
APA-nın məlumatına görə, AHT Platformasının koordinatoru Əliməmməd Nuriyev Azərbaycanda açıq hökumət tərəfdaşlığı və layihə çərçivəsində görülən işlər barədə danışıb. O, açıq hökumət tərəfdaşlığı ilə bağlı AHT Platformasının təkliflər hazırladığını və yaxın iki həftə ərzində hökumətə təqdim ediləcəyini açıqlayıb. Bu təkliflər sırasında parlamentdə büdcə müzakirələrində vətəndaş cəmiyyəti üzvlərinin iştirakının təmin edilməsi də var.
Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kerversi layihənin demokratik cəmiyyət quruculuğuna töhfə vermək niyyəti daşıdığını və Azərbaycanda bu sahədə görülən işləri təqdir etdiyini söyləyib.
Təlimdə "Açıq hökumət tərəfdaşlığı və yaxşı idarəetmə" mövzusunda çıxış edən layihənin koordinatoru Sabit Bağırov layihə çərçivəsində görülən və görüləcək işlərdən bəhs edib. S. Bağırov məqsədlərinin açıq hökumət tərəfdaşlığı fəlsəfəsini geniş yaymaq olduğunu söyləyib və KİV-in bu sahədə rolunun önəmli olduğunu vurğulayıb. O, "İctimai iştirakçılıq haqqında" qanuna uyğun olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında ictimai şuraların yaradılmasının müsbət irəliləyiş olduğunu da nəzərə çatdırıb.
Təlim müzakirələrlə davam edib.