Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA)və "Bank BTB" əməkdaşlıq müqaviləsi bağlayıb. Bu barədə agentlikdən məlumat verilib.
“Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil banklarına edilmiş müraciətə əsasən “MİDA” MMC ilə əməkdaşlıq etmək niyyətini təsdiqləyərək tələb olunan sənədləri təqdim edən növbəti kredit təşkilatı “Bank BTB” olub”, - deyə məlumatda bildirilir.
Müqavilənin şərtlərinə əsasən MİDA-nın sərəncamında olan mənzilləri əldə etmək hüququna malik vətəndaşlara təqdim olunan güzəştlərdən biri “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına güzəştli ipoteka kreditindən yararlanmaq imkanıdır. Belə kreditlər “Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil banklarının siyahısına daxil olan və agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsini bağlayan agent banklar vasitəsilə veriləcək.
Bundan əvvəl MİDA analoji müqaviləni “Kapital Bank”la bağlayıb.
Qeyd edək ki, MİDA Yasamal rayonu ərazisində yeni yaşayış kompleksinin inşasını həyata keçirir. Kompleks 2018-ci ildə istifadəyə veriləcək.
Ümumi sahəsi 11,6 hektar olan şəhərcik 29 yaşayış binasını əhatə edir, onların 12-si birbloklu 12 mərtəbəli bina, 17-si isə ikibloklu 9 mərtəbəli bina olacaq. 1 843 mənzildən 324- ü birotaqlı, 1052-i ikiotaqlı, 467-i isə üçotaqlı olacaq. Birotaqlı mənzilin sahəsi 31-33 kv. m, ikiotaqlınınkı 50-58 kv. m, üçotaqlınınkı isə 70 kv. m-ə yaxın olacaq. Bütün mənzillər tam təmir ediləcək və mətbəx mebeli ilə təchiz ediləcək.
Bundan əlavə, şəhərciyin ərazisində 960 yerlik məktəb və 240 yerlik uşaq bağçası tikiləcək.