“İntihar edən psixoterapevt Dəyanət Rzayevlə bir neçə dəfə görüşüm olub. Bu da 4-5 il bundan əvvəllə təsadüf edir. O, çox savadlı, adekvat insan olub. Yəni ondan pis bir şey eşitməmişəm”.
FED.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru, professor Fuad İsmayılov deyib.
Onun sözlərinə görə, intihardan heç kəs sığortalanmayıb: “Yəni, bütün peşənin sahibləri intihara cəhd edə bilər. Hər bir insanın krizis vəziyyətinə düşməsi zamanı intihar etmək riski var. Təbii ki, Dəyanət Rzayevin hansı səbəbdən intihar etməsinin səbəbini bilmədiyimdən konkret nəsə deyə bilmərəm. Ancaq bir faktı da qeyd edim ki, psixoloq və psixiatrlar intihara az meyilli insanlar olur. Məndə olan məlumata görə, Azərbaycanda belə faktlar olmayıb, bu, ilk faktdır”.
F.İsmayılov onu da qeyd edib ki, nadir hallarda psixoloq və psixiatrlar intihar edirlər: “Çünki onlar riskli qrupa aid olan insanlar deyil. İntihara adətən reanimatoloq, farmokoloq və hərbçilər meyil göstərirlər. Onlar daha çox risk qrupuna aid olurlar”.
Mərkəzin direktoru eyni zamanda, ölkədə baş verən intihar hallarının sayını da açıqlayıb. O, 2015-ci illə müqayisədə ötən ildə intihar hallarının sayının azaldığını qeyd edib: “Belə ki, 2016-cı ildə 327 intihar hadisəsi qeydə alınıb. Halbuki 2015-ci ildə bu göstərici 515 olub. 2012-ci ildə isə cəmi 180 intihar hadisi olub. 2015-ci ildə intihar hadisələrinin artmasına səbəb həmin dövrdə devalvasiya prosesinin olması idi. Çünki insanların dollarla kreditləri çox idi. Keçən il isə bu problem nisbətən sabitləşdi. Həm də maarifləndirici tədbirlər də intihar hallarının sayının azalmasına şərait yaradıb”.
Xatırladaq ki, psixoterapevt Dəyanət Rzayev ötən gecə yaşadığı evdə özünü asaraq intihar edib.