Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında V çağırış Milli Məclisin deputatı Mehriban Əliyevanın səlahiyyətlərinə xitam verilməsi məsələsi müzakirəyə çıxarılıb.
MSK sədri Məzahir Pənahov Mehriban Əliyevanın Azərbaycan prezidenti İlham Əliyevin 21 fevral tarixli sərəncamı ilə birinci vitse-prezident təyin olunduğunu bildirib.
M. Əliyevanın deputat kimi uğurlu fəaliyyətindən söz açan M. Pənahov onun deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı MSK-ya müraciət etdiyini bildirib: "Mehriban Əliyeva prezident İlham Əliyevin ən yaxın silahdaşıdır. Ona birinci vitse-prezident kimi fəaliyyətində uğurlar arzulayırıq. Konstitusiyaya əsasən, Milli Məclis üzvü dövlət orqanlarında vəzifəyə təyin olunarsa, deputat kimi səlahiyyətlərinə xitam verilməlidir. Bununla bağlı Mehriban Əliyeva martın 3-də MSK-ya müraciət edib".
Daha sonra məsələ səsverməyə çıxarılıb və qəbul edilib.