Artıq istehlakçılar su sayğacının plomblanması, quraşdırılması və dəyişdirilməsi üçün “www.e-gov.az” portalı üzərindən rəsmi formada elektron müraciət edə biləcəklər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, “Azərsu” ASC-nin təqdim etdiyi “Su sayğaclarının plomblanmasına (quraşdırılma və ya dəyişdirilməsinə) dair müraciət” adlı xidmət “Elektron hökumət” portalına inteqrasiya edilib.
Xidmət qeydiyyatlı olduğu üçün abonentlər ilk növbədə portalda təqdim edilən autentifikasiya vasitələrindən biri ilə portaldan qeydiyyatdan keçməlidirlər. Daha sonra ASC-nin təqdim etdiyi xidmətlər içərisindən “Su sayğaclarının plomblanmasına (quraşdırılma və ya dəyişdirilməsinə) dair müraciət” adlı xidmət seçilməli, təqdim edilən pəncərədə abonent kodu daxil edilməli və “Davam et” düyməsi seçilməlidir.
Açılan pəncərədə daxil edilən koda uyğun abonent məlumatları görünür.
Açılan növbəti pəncərədə isə abonentin aşağıdakı məlumatları daxil edilməlidir:
- Müraciət səbəbi;
- Müraciət edənin telefon nömrəsi;
- Müraciət edənin elektron poçt ünvanı;
- Müraciətlə bağlı açıqlama və əlavə qeydlər.
Məlumatlar daxil edildikdən sonra “Müraciət et” düyməsi sıxılır və abonentə “Müraciətiniz qeydiyyata alındı. Xidmətimizdən istifadə etdiyiniz üçün sizə təşəkkür edirik” bildirişi göndərilir.
Qeyd edək ki, elektron müraciət qeydiyyata alındıqdan sonra abonentin ünvanında Su Kanal İdarəsinin nümayəndəsi tərəfindən zəruri tədbirlər görülür.