“Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 262 nömrəli Fərmanının 2-ci hissəsinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən qiymətləndirmənin həyata keçirilməsi üçün yaradılan işçi qrupunun fəaliyyəti yekunlaşır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən FED.az-a verilən məlumatda bildirilir ki, pilot layihə çərçivəsində 10 mərkəzi icra hakimiyyəti və Bakı şəhərində yerləşən yerli icra hakimiyyəti orqanlarının ümumilikdə 411 xidməti üzrə qiymətləndirmə həyata keçirilib. Xidmətlər 7 parametr və 143 altmeyar üzrə dövlət orqanları tərəfindən doldurulan anketlərdə qeyd edilən əsaslandıcı məlumatlar nəzərə alınmaqla qiymətləndirilib.
Göstərilən dövlət xidmətləri barədə ictimaiyyətin birdən çox üsulla məlumatlandırılması, xidmətin elektronlaşdırılması, xidmətin qısa müddətə göstərilmə imkanlarının olması, vətəndaşdan sənəd tələb edilmədən mövcud informasiya sistemlərindən inteqrasiya üsulu ilə əldə edilməsi, xidməti həyata keçirən məmurların nəzakətliliyi, vətəndaşların şikayətlərinin qəbul və araşdırma mexanizminin olması və vətəndaşların xidmət barədə rəylərinin öyrənilməsi “ASAN xidmət” indeksinin yüksək olmasına səbəb olan amillərdəndir.
Qeyd edək ki, qiymətləndirmə nəticələrinin və hər bir xidmət üzrə “ASAN xidmət” indeksinin bu ilin sentyabr ayında ictimaiyyətə açıqlanması nəzərdə tutulur.
“ASAN xidmət” indeksi üzrə qiymətləndirmə qrupunun fəaliyyəti yekunlaşır
10:17
21 İyul 2017