6 iyul 2017-ci il tarixdən etibarən “ASAN Viza” sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı hazırlanmış dəyişikliklərin tətbiqinə başlanılıb.
FED.az-ın xəbərinə görə, Azərbaycan Respublikası Prezidentinin “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Fərmanına müvafiq olaraq tətbiqinə başlanılan bu yeniliklər bir neçə istiqamətdədir.
Belə ki, 6 iyul 2017-ci il tarixdən etibarən sərhədkeçmə sənədi ilə elektron vizada qeyd edilən məlumatlar arasında uyğunsuzluqlar aşkar edildikdə, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs məlumatlarda müvafiq düzəlişlər edərək vizanın təkrar alınması üçün evisa.gov.az internet səhifəsi vasitəsilə müraciət edə bilər.
Qeyd olunan tarixdən elektron vizaların etibarlılıq müddəti ölkədə qalma müddəti 30 gün olmaqla 90 gün təşkil edir.
Görülən tədbirlər çərçivəsində “ASAN Viza” sisteminin internet səhifəsinin təkmilləşdirilməsi işləri aparılıb. Belə ki, Azərbaycana gələn turist axınlarını nəzərə alaraq, “ASAN Viza” sisteminin internet səhifəsinin ərəb və fars dillərində olan versiyaları istifadəyə verilib.
Bundan başqa, elektron viza alınması üçün ərizə məlumatları daxil edilməmişdən öncə tez-tez edilən səhvlərə dair təlimat və səyahət sənədinin nümunəsi istifadəçi ekranına pop-ap formasında çıxır.
Müraciətçinin məlumatları internet səhifəsinə daxil edildikdən sonra “Təsdiq et” pəncərəsində həmin məlumatlarla yanaşı, ərizəyə əlavə edilmiş səyahət sənədinini surəti də istifadəçi ekranında göstərilir, yəni, yeni elektron viza blankı tətbiq olunur.
Yaxın zamanlarda qeyd olunan fərmanda uyğun olaraq, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına səfər etmək üçün elektron vizanın sürətləndirilmiş qaydada alınması ilə bağlı müraciət etdiklərində belə müraciətlərə “ASAN Viza” sistemi vasitəsilə 3 saat ərzində baxılmasını təmin ediləcəkdir.
“ASAN Viza” sistemi vasitəsilə verilən elektron vizaların rəsmiləşdirilməsi proseduru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 10 yanvar 2017-ci il tarixindən etibarən həyata keçirilir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı “ASAN Viza” sistemi vasitəsi ilə 3 addımla ( müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində əldə edə bilər.
Elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli sənəddir. Elektron vizalar yalnız siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən 93 ölkənin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə rəsmiləşdirilir.
“ASAN Viza” sistemi yeniliklərin tətbiqinə başladı
09:36
7 İyul 2017