İsrailin Tədqiqat Mərkəzinin rəhbəri, Kaye adına Ali Akademik Pedaqoji Kollecin Riyaziyyat Fakültəsinin rəhbəri Mark Epplbaum Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması barədə bəyanat verib.
Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir:
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini yeganə düz yol hesab edirəm. Lakin bunu Ermənistan və Azərbaycan Respublikalarının ərazi bütövlüyü, suverenliyi, və hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində etmək zəruridir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının çox vacib olduğunu vurğulamaq istəyirəm. Münaqişənin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin vacibliyini qeyd etmək istəyirəm. Ermənilər və Azərbaycanlılar, əsrlər boyu sülh içində yaşayıb. Lakin münaqişənin həll olunmaması nəticəsində bu xalqların bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb və bu, böyük bir fəlakətdir. İnsanların sülh şəratində birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini tam dəstəkləyirəm. Yuxarıda qeyd olunan səbəblərə görə, bu sülh təşəbbüsünə dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulmağımı bəyan edirəm”.