Azərbaycan prezidenti İlham Əliyev Bakının Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yenidən qurulan “Statistika” dairəsinin, Nəriman Nərimanov prospektinin və Abdulla Şaiq küçəsinin açılışında iştirak edib.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına Bakı şəhərinin keçmiş “Sovetski” ərazisində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması” layihəsi çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib.
Bildirilib ki, 2016-cı ilin avqustundan icrasına başlanan layihəyə uyğun olaraq 26 hektar ərazidə yolların salınması və abadlıq işlərinin aparılması həyata keçirilib. Ümumi uzunluğu 7 kilometrdən çox olan Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzəağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması artıq yekunlaşıb. Nəriman Nərimanov prospektinin yenidən qurulması zamanı hərəkət zolaqlarının sayı 4-ə çatdırılıb. Abdulla Şaiq küçəsi isə 3 hərəkət zolağından ibarətdir. Layihə çərçivəsində 169 yol nişanı quraşdırılıb.
Prezident İlham Əliyev yeni yolların rəmzi açılışını bildirən lenti kəsib.
Sonra prezident İlham Əliyev yenidən qurulan “Statistika” dairəsində görülən işlərlə tanış olub. Dövlət başçısı burada Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Mikayıl Müşfiqin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
10:07
FED.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.