Hələ 13 il qabaq 46 yaşlı Los-Anceles sakini Xəlil Rafati (Khalil Rafati) evsiz bir narkoman idi. Bu gün isə o, milyonerdir... Amma onun zənginləşməsi ailədən qalmış mirasla bağlı deyil.
Xəlil Oqayo ştatında doğulub. Yeniyetmə yaşlarında zorakılıq, əzab-əziyyətdən ibarət olmuş uşaqlığını unutmaq üçün Los-Ancelesə qaçır. Burda tale onun üzünə gülümsəyir. Xəlil, bahalı idman avtomobillərinin təmiri və xidməti ilə məşğul olmağa başlayır. Hətta bir çox Hollivud ulduzları onun daimi müştərisinə çevrilir.
Xəlilin işləri yaxşı getsə də, zamanla uşaqlıqda aldığı mənəvi zərbələr öz sözünü deyir. Bunun təsirindən o, narkotikə qurşanır.
2001-ci ildə Malibu gecə şənliklərinin birində yüksək dozada heroin qəbul etdiyi üçün ölümün pəncəsindən güclə qurtarır.
“Mən elə dərinlikdəydim ki, bundan daha dərin qazımaq mümkün deyildi. Bu yolun sonu idi” – deyə, Xəlil söhbətlərinin birində deyir.
Bu hadisədən təsirlənən Xəlil, öz sağlamlığının qayğısına qalmağı qarşısına məqsəd qoyur və tezliklə narkotik maddələrin qəbulundan imtina edir. Bu, ona böyük əziyyət bahasına başa gəlsə də o, müalicəsini yarıda qoymur. Müalicə vaxtı isə şirələrlə tanış olur.
Xəlil orqanizmi toksin və şlaklardan təmizləyən saysız şirə qarışıqları “kəşf edir”. Bu qarışıqlar dırnaqların, saçların və dərinin tez bir zamanda təravətlənməsinə və güclənməsinə səbəb olurdu.
Şirələrin qəbulu zamanı bütün bu dəyişiklikləri özündə hiss edən Xəlil, əsl xəzinə tapdığını düşünür.
O, özü sərbəst şəkildə bu şirələri hazırlamağa başlayır və spirtli içki aludəçilərinin və narkomanların müalicə aldığı yerli klinikalara satmağa başlayır. Şirələr xəstələrin ayağa qalxmasına əməlli-başlı yardımçı olur.
Bütün Malibu yeni məhsuldan danışırdı. Xəlilə yalnız bu məhsul üçün uyğun ad tapmaq qalırdı. Və o, belə də etdi.
Beləliklə, SunLife Organics şirə brendi yarandı.
Xəlilin bəxti gətirdi, hər şey öz yolunda getməyə başladı. Amma bu o demək deyil ki, o kədərli keçmişini unudub.
Əksinə, o öz şirkətinə işçi kimi ehtiyacı olan gəncləri götürməyə üstünlük verir.
Nə vaxtsa Xəlil, özü belə köməyə möhtac idi, amma təəssüf ki, heç kim əlini ona uzatmamışdı. O, hər şeyi özü həll etməli oldu.
Qeyd edək ki, Xəlilin “Mən ölməyi unutdum” kitabında özünə necə qalib gəldiyi haqda fikirləri yer alıb.
Evsiz narkoman necə milyoner oldu?
16:45
31 Okt 2016