Dünyada əmək haqqının artım tempi 2012-ci ildən etibarən yavaşlamağa başlayıb. "Kommersant" qəzetinin verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Əmək Təşkilatının (İLO) "Dünyada əmək haqları" adlı hesabatında qeyd olunub.
Hesabata əsasən, əmək haqlarında son 5 ildə ən minimal artım 1,7%-lə 2015-ci ildə olub. 2012-ci ildə isə əmək haqlarında artım tempi 2,5% təşkil edib. Hesabat dövründə dünyada əmək haqlarının artımını əsasən inkişaf etməkdə olan ölkələr, xüsusilə də Çin təmin edib. Çin istisna olmaqla, dünyada əmək haqlarında artım 2012-ci ildəki 1,6%-dən 2015-ci ildə 0,9%-ə qədər azalıb.
Keçid dövründə olan və inkişaf etməkdə olan ölkələrin əmək haqlarında artım 2012-ci ildəki 6,6%-dən 2015-ci ildə 2,5%-ə kimi geriləyib. İnkişaf etmiş ölkələrdə isə əksinə, 2012-ci ildə 0,2%, 2015-ci ildə 1,7%-ə olub və son 10 ilin maksimal həddinə çatıb.
Qeyd edək ki, Azərbaycanda 2012-ci ildə 8,2% olan real əmək haqlarında artım 2015-ci ildə 1%-ə düşüb.