Sosial

Daha üç elektron arayış əldə etmək mümkün olacaq

Daha üç elektron arayış əldə etmək mümkün olacaq | FED.az
20:28 18 Dek 2016

"Elektron hökumət" portalı üzərindən artıq istifadəçilər “Vətəndaşın adına qeydiyyatda olan nəqliyyat vasitələri”, “Vətəndaşın hərbi qeydiyyatda olması”, “Vətəndaşın hərbi xidmət keçməsi” barədə arayışları elektron şəkildə əldə edə bilərlər.

Daxili İşlər Nazirliyinin təqdim etdiyi “Vətəndaşın adına qeydiyyatda olan nəqliyyat vasitələri haqqında elektron arayış”ı portaldan elektron imza sertifikatı ilə (www.e-gov.az ) qeydiyyatdan keçərək əldə etmək mümkündür. Vətəndaş portalda qeydiyyatdan keçərək bu elektron xidmətə daxil olduqda avtomatik olaraq formalaşan elektron arayışda vətəndaşın adı, soyadı və atasının adı, nəqliyyat vasitəsinin qeydiyyat nişanı, qeydiyyat tarixi, markası, buraxılış ili, rəngi, mühərrikin nömrəsi, həcmi və ban nömrəsi ilə bağlı məlumatlar əksini tapıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təqdim etdiyi “Vətəndaşın hərbi qeydiyyatda olması barədə arayış”da vətəndaşın şəxsi məlumatları ilə yanaşı, hərbi qeydiyyat tarixi, hərbi qeydiyyatda olduğu idarə və hərbi rütbəsi barədə məlumat yer alıb. Qurumun təqdim etdiyi digər “Vətəndaşın hərbi xidmət keçməsi barədə arayış”da isə vətəndaşın hərbi qeydiyyat tarixi, hərbi qeydiyyatda olduğu idarə və hərbi rütbəsi ilə yanaşı, hərbi xidmətkeçmə haqqında məlumatı da əks olunur.

Qeyd edək ki, elektron imza ilə portaldan qeydiyyatdan keçən vətəndaş haqqında tələb olunan informasiyalar avtomatik şəkildə arayışda göstərilir. Portal üzərindən əldə edilən elektron arayışların elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür.

Digər xəbərlər