Azərbaycanın məşhur yazarı, detektiv janrının ustası, əsərləri 30 milyondan çox tirajla yayılan xalq yazıçısı Çingiz Abdullayevin yeni kitabları Azərbaycan dilində nəşr edilib.
TEAS PRESS Nəşriyyat Evinin çapa hazırladığı 10 kitab Azərbaycan dilində ilk dəfədir, işıq üzü görür. Nəşriyyat Evindən APA-ya bildirilib ki, əsərləri Azərbaycanın peşəkar mütərcim və redaktor heyəti dilimizə tərcümə edərək, çapa hazırlayıb.
Bu kitabların üçü – “Bumeranq zərbəsi”, “Qurbanlıq sindromu” və “Vicdanın adaptasiyası” romanları əslində bir-birinin davamıdır. Trilogiyada haqqında bəhs olunan hadisələr Rusiyanın bir neçə şəhərində cərəyan edir. Seksual manyak olan qatil ayrı-ayrı şəhərlərdə eyni üsulla seriya qətllər törədir. Tədbirlilikdə və amansızlıqda məşhur seriya qatil və manyak Çikatilonu xatırladan qatilin qurbanları əsasən gənc və gözəl qadınlardır. O, qurbanlarını səbirlə izləyir, yaxalayır və zorlayıb öldürür, amma heç bir iz qoymur. Onu görən də yoxdur. Bir şəhərdə qətl törədib digərinə, oradan isə başqasına keçir. Moskvada generallar başını itirib...
“Vyana gecəsinin sirri” adlı romanda hadisələr Avstriya paytaxtındakı dəbdəbəli hoteldə baş verir. Yeni ili qarşılamaq üçün MDB ölkələrinin birindən bura gələn bir qrup zəngin adamın arasında həmin ölkənin prezidentinin qızı, onun səfir kürəkəni və qohumları da var. Onlar hotelin restoranında həm əylənir, həm də biznesdən danışıb aralarındakı problemi həll etməyə çalışır, mübahisə edirlər. Ortada on milyonlarla dollarlıq şübhəli sövdələşmə var. Bir neçə saatdan sonra masadakı adamlardan biri – zəngin biznesmen restoranın tualetində ölü tapılır. Qətlə yetirilən adam prezidentin yaxın qohumudur...
“Maskanın hakimiyyəti” adlı romanda hadisələr ekzotik Barbados adasında baş verir. Hollivud olduzu Kristin Lindeqrenin həyatı təhlükədədir. Əri də milyonçu olan və son vaxtlar on milyonlarla dollarlıq mirasını necə böləcəyindən tez-tez danışan aktrisa ailə üzvləri ilə birgə Barbadosdakı villasına tətilə getməyə hazırlaşır. Səfərdən qabaq ona iki təhdid məktubunun gəldiyini deyib, təhlükəsizlik tədbirləri görməyin vacib olduğunu bildirir. Bu səfər ərəfəsində villada qəribə hadisələr baş verir: aktrisanın yeniyetmə oğlu sevgilisi olan “şübhəli rus qızı ilə” villaya baş çəkir, bacısının hamilə qızı “naməlum səbəb”dən ölür...
“Böyük oyun” romanında məşhur qumarbazların toplaşdığı həlledici oyun təsvir olunur. Hadisələr Monte-Karlo kazinosunda cərəyan edir. Monako knyazlığına qumar oynamağa gedənlərin çoxu keçmiş sovet respublikalarından olan iş adamları və məmurlardır. Orada Bakıdan da bir zəngin adam, bir ərəb milyarderi və kanadalı maqnat da var. Onlar kələkbazlıqla bir-birini müflis etmək üçün hər şeyə hazırdır, hətta qətlə də. Qətl isə baş verir – iki günə üç qətl...
“Folun bir addımlığında” romanında hadisələr Türkiyədə cərəyan edir. Sankt-Peterburqun “Dinamo” futbol klubu Bələkdə təlim-məşq toplanışı keçirir. Komandanın həkimi burada müəmmalı şəkildə ölür, bundan əvvəl qapıçı iki dəfə zəhərlənir, ardınca da burada killerlər peyda olur. Rusiyalı mafiozların çarpışması qızışır...
“Yeni amazonlar klanı” romanında hadisələr Moskvadakı lüks villada cərəyan edir. Köhnə Yeni ili qeyd etmək, eyni zamanda biznes sövdələşməsi aparmaq üçün elit bir kottec kirayələyib ora toplaşanlar arasında iri məmurlar, diplomatlar, milyonçu iş adamları, şou-biznes ulduzları, gözəl qadınlar var. Hər şey idealdır. Amma hələ heç ziyafət başlamamış iri biznesmenlərdən biri öz otağında qətlə yetirilir. Ardınca şahidlər hədəfə alınır...
“Ailə sirləri” romanında Qazaxıstandan Avropaya köçmüş qohumlar arasındakı gizli düşmənçilikdən, onlardan birinin müəmmalı şəraitdə öldürülməsindən bəhs olunur. Ad gününü qeyd edən yubilyar elə ziyafətdəcə zəhərlənərək öldürülür, halbuki hədəf onun böyük mirasa sahib varlı və xəstə bacısı imiş...
“Alqışlar altında ölüm” romanında hadisələr Rusiya paytaxtındakı nüfuzlu teatrlardan birinin səhnəsində baş verir. Ölkənin ən məşhur aktyorlarından birinin düşmənləri var. Onu aradan götürməyin ən yaxşı yolu elə səhnədə qətlə yetirməkdir. Əsərin ssenarisi də buna imkan verir. Aktyorun tamaşadakı tərəf-müqabillərindən biri səhnəyə rekvizit-qılıncla yox, əsl qılıncla çıxır...