Azərbaycanda çap mediası və onlayn media subyektinin təsis edilməsi ilə bağlı qayda müəyyənləşib.
Eləcə də bax: Sayt yaratmaq üçün icazə - TƏLƏB OLUNMAYACAQ
FED.az xəbər verir ki, bu, “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmur.
Çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət etməlidir.
Dini məzmunlu çap mediası və onlayn media subyektinin təsis edilməsi ilə bağlı müraciətə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi əlavə olunur.
Çap mediası və onlayn media subyektlərinin adında Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının), beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının, yerli özünüidarəetmə orqanlarının adlarından (özlərinin təsis etdikləri media subyektləri istisna olmaqla), habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadəyə yol verilmir.