Hollandiyanın ərazisində fəaliyyət göstərən booking.com şirkəti tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərinin həyata keçirilməsi dayandırılıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev FED.az-a bildirib ki, 2 iyun 2017-ci il tarixli açıqlamamızda XİN və Mədəniyyət Turizm Nazirliyi tərəfindən bu istiqamətdə müvafiq tədbirlərin görüləcəyi Hollandiyadakı səfirliyimiz tərəfindən booking.com şirkətinə etirazımızın çatdırılacağını bildimişdik: "Booking.com şirkəti tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin turizm məntəqəsi kimi təşviq edilməsi və orada mehmanxana sifarişlərinin həyata keçirilməsi beynəlxalq hüququn norma və prinsipləri, Ümumdünya Turizm Təşkilatının Nizamnaməsi, Turizmə dair Qlobal Etik Məcəllə, ÜTT-nin İcraiyyə Şurasının müvafiq qərar və tövsiyələrinə köklü şəkildə ziddir. Booking.com-un qeydiyyatda olduğu Hollandiya, o cümlədən Avropa İttifaqı tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi dəstəkləndiyi halda, booking.com tərəfindən bu mövqeyin əksinə olaraq fəaliyyət göstərilib".
H.Hacıyev həmçinin qeyd edib ki, münaqişə zonası və etnik təmizləmənin törədildiyi məkan kimi Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana rezervasiyasının həyata keçirilməsi və bundan komissiya şəkildə qazanc əldə edilməsi korporativ biznes etikası qaydaları və mənəvi dəyərlərlə bir araya sığmır.
"Booking.com şirkətinə onu da xatırlatmaq istərdik ki, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni və çirkli yollarla fəaliyyət göstərən kriminal sahibkarlıq subyektləri ilə işbirliyinə girmək şirkətin beynəlxalq nüfuzuna xələl gətirir. Qeyd olunanları nəzərə alaraq, booking.com şirkətini Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərini tam şəkildə ləğv etməyə və gələcəkdə bu istiqamətdə hər hansı fəaliyyətdən kənar durmağa çağırırıq. XİN və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu istiqamətdə zəruri tədbirlərin görülməsi davam etdiriləcək" deyə, XİN rəsmisi bildirib.
Booking.com Azərbaycanın işğal olunan ərazilərində mehmanxana sifarişlərinin qəbulunu dayandırıb
17:24
29 İyun 2017