Bakıda “İlaxır çərşənbə” günü təntənəli şəkildə qeyd olunacaq.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, martın 14-də saat 09.30-da metronun “İçərişəhər” stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının arasındakı sahədə - qala divarları önündə toplaşaraq Novruz personajları – Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və musiqi qruplarının iştirakı ilə dəvələr, süvarilər faytonların müşayiəti ilə böyük bayram karvan Suraxanı “Atəşgahı”na yola düşəcək.
Bayram karvanı Bakı Şəhər İcra Hakimiyyətindən hərəkətə başlayaraq İstiqlaliyyət küçəsi, “Beşmərtəbə dairəsi”, Heydər Əliyev Sarayının yanından keçməklə metronun “Sahil” stansiyası, Hökumət evi, Ali Məhkəmənin qarşısından hərəkət edib Heydər Əliyev prospektinə çıxacaq və metronun “Koroğlu” stansiyasından Hava limanı avtomagistralı ilə hərəkət etməklə Suraxanı “Atəşgahı”na istiqamətlənəcək.
“Atəşgah”dan od götürən bayram karvanı geriyə qayıdaraq Hava limanı avtomagistralı, Heydər Əliyev prospekti, 28 May küçəsini keçərək Heydər Əliyev Sarayının arxasından keçməklə “Fəvvarələr meydanı”ndan “Gənclər meydanı”na gələrək bayram tonqalı alovlandırılacaq və Dədə Qorqudun Novruz xeyir-duası ilə saat 19.00-da incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq olacaq.