Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) Böyük Britaniya və Şimali İrlandiyanın kral ordusunun “Salamanka” və Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin birgə nümunəvi çıxışı olub.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, orkestrlərin çıxışını Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Meri Krofts, hərbi attaşe polkovnik-leytenant Deyvid Ethelli, TTM və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyəti izləyib.
Hərbi orkestrlərin ifasında Azərbaycan, ingilis və dünya bəstəkarlarının tanınmış müasir və klassik musiqi əsərlərindən parçalar, həmçinin müxtəlif ölkələrin hərbi marşları səsləndirilib. Musiqi ifası zamanı hərbi orkestrlər hərəkətdə yerdəyişmənin fənd və üsullarını məharətlə nümayiş etdiriblər.
Ölkəmizə səfəri çərçivəsində Birləşmiş Krallığın hərbi orkestrinin Müslüm Maqomayev adına Dövlət Filarmoniyası və Fəvvarələr Meydanında açıq səma altında konsert və birgə nümunəvi çıxışı təşkil ediləcək.