12-22 may tarixləri arasında şəhərimizin ev sahibliyi edəcəyi Bakı 2017 İslam Həmrəyliyi Oyunları Könüllülərinin 14 mart tarixində Tərtər rayonunda yerləşən N saylı hərbi hissəyə ziyarəti baş tutub.
FED.az xəbər verir ki, 40 nəfər könüllünün iştirak etdiyi ziyarətin təşkil olunmasında əsas məqsəd vətənimizin keşiyində əzmlə duran mübariz əsgərlərimizlə birlikdə axır çərşənbəni qeyd etmək və onların Novruz bayramını təbrik etmək, eləcə də Bakı 2017 Könüllülərinin sosial fəallığını təmin etmək olub.
Tədbirdə Bakı 2017 Könüllülərindən başqa, Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin (AİHOƏK) işçi heyəti və AİHOƏK-in korporativ direktoru, Bakı 2017 Könüllülərinin səfiri Elçin Səfərov da iştirak edərək əsgərlərlə birgə xoş vaxt keçiriblər. Bundan başqa, hərbi hissədə əsgərlər üçün maraqlı musiqili proqram təşkil olunub və könüllülər tərəfindən əsgərlərə kiçik xatirə hədiyyələri də təqdim edilib.
Nəzərinizə çatdıraq ki, Uğurlu Gələcək Könüllülərin İnkişaf Proqramının tərkib hissəsi olaraq Bakı 2017 Könüllülərinin sosial fəaliyyətini artırmaq üçün həyata keçirilən bu kimi tədbirlərin təşkilinə qarşıdakı günlərdə də davam ediləcək.
Bakı 2017 könüllüləri əsgərlərimizi ziyarət edib
16:46
14 Mart 2017