Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası tərəfindən Lerikdə aparılan qazıntılar zamanı aşkar olunmuş qəbirlərdən 8 ədəd nadir tapıntı oğurlanıb.
Bu barədə APA-ya AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiya rəhbəri, tarix elmləri üzrə fəlsəfə doktoru Ceyhun Eminli məlumat verib.
Ekspedisiya rəhbərinin sözlərinə görə, qəbirlərdən 3 ədəd heyvan formalı qab, 1 ədəd qara rəngli qab, 1 ədəd tunc qab, 1 ədəd muncuq və 2 ədəd qara rəngli nazik məftildən boyunbağı yoxa çıxıb.
C. Eminli bildirib ki, onun rəhbərliyi altında Lerik rayonunun Gürdəsər kəndinin Piboz təpə adlı ərazisində 2012-ci ildən indiyə kimi 120-dən çox qəbir aşkarlanıb.
O qeyd edib ki, nadir tapıntıların oğurlandığı qəbirlər dağıdılmayıb: “Nadir tapıntıların oğurlandığı qəbirlərdən birinin içərisində daha dəyərli gümüş qab və gümüş qolbaq olub. Xoşbəxtlikdən onlara əl vurulmayıb. Hazırda tərəfimizdən həmin gümüş qab və gümüş qolbaq qorunur. Onu da deyim ki, bu illər ərzində oğurlanan tapıntılardan daha dəyərli maral, ördək, öküz, at formalı qablar aşkar olunub. Həmin tapıntılar da institutun illik hesabat sərgisində nümayiş olunub. İndiyə kimi belə xoşagəlməz hadisə baş verməmişdi. Belə oğurluq hadisəsi ilk dəfədir ki, baş verir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törədənlərin tapılması istiqamətində ciddi tədbirlər görülür”.
Qeyd edək ki, bir müddət əvvəl Lerik rayonunda Arxeologiya və Etnoqrafiya İnstitutunun apardığı arxeoloji qazıntılar zamanı eramızdan əvvəl V əsrə aid edilən məzarlıq aşkarlanıb. Piboz təpə adlanan ərazidə tapılan məzarlığın 2500 il bundan əvvələ aid olduğu müəyyən edilib. Ərazidəki qəbirlərdə qılınclar, nizələr, bıçaqlar, xəncərlər, gümüş və tuncdan hazırlanmış bəzək əşyaları və maraqlı bədii tərtibatı olan saxsı qablar da aşkar edilib.