Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda səfərdə olan Türkmənistan Parlamentinin sədr müavini Qurbangül Bayramovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Fed.az-a verilən məlumata görə, nazir Səlim Müslümov ölkəmizdə makroiqtisadi inkişafın təmin edilməsi sahəsində qazanılan nailiyyətləri diqqətə çatdırıb.
Nazir bildirib ki, Respublikada əmək münasibətlərində iştirak sahəsində qadın və kişilər arasında ayrı-seçkiliyin hər hansı təzahürləri qanunla qadağan olunmuşdur və bu sahədə gender bərabərliyi prinsipinə əməl olunur. Nazir həmçinin vurğulayıb: “Yoxsulluq və işsizliyin aşağı səviyyədə olduğu Azərbaycanda əmək bazarında qadınların da bərabər əsaslarla iştirakı təmin olunur. 2005-2015-ci illərdə ölkədə məşğul əhalinin sayı 15 faiz, məşğul əhalinin tərkibində qadınların sayı isə 15,6 faiz artıb. Əgər 10 il bundan əvvəl məşğul əhalinin 48,2 faizi qadınlardan ibarət idisə, ötən dövrdə məşğul əhalinin sayının xeyli artdığı şəraitdə 2015-ci ildə bu göstərici nəinki azalıb, hətta bir qədər də artaraq 48,5 faiz təşkil edib ki, bu da əmək bazarında qadınların rolunun fəal olduğunu göstərir. Nazirliyin məşğulluq orqanları tərəfindən məşğulluğu təmin edilənlərin, peşə hazırlığı və əlavə təhsil kurslarına, digər aktiv məşğulluq tədbirlərinə cəlb olunanların da mühüm bir hissəsini qadınlar təşkil edir”.
Nazir yeni “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2016-2030-cu illər)” layihəsindən də bəhs edərək, qadınların əmək bazarına çıxış imkanlarının artırılmasının da əsas hədəflər sırasında olduğunu bildirib.