Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 31,6 mln. ABŞ dolları həcmində humanitar yük, təmannasız kömək və texniki yardım idxal olunub.
Dövlət Gömrük Komitəsindən Fed.az-a verilən xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32% çoxdur.
Eyni zamanda, bu malların ixracında isə azalma qeydə alınıb. Belə ki, humanitar yük, təmannasız kömək və texniki yardım ixracı illik müqayisədə 36% azalaraq cari ilin ilk 11 ayı ərzində 82,5 min manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 183 ölkə ilə 16,031 mlrd. dollar həcmində ticarət əməliyyatı həyata keçirib. Ticarət dövriyyəsinin həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 20,2% azalma qeydə alınıb. Hesabat dövründə idxal əməliyyatlarının həcmi illik 6,0% azalaraq 7,717 mlrd. dollar, ixrac isə illik 30,02% azalaraq 8,315 mlrd. dollara enib. Bu ilin yanvar-noyabr ayları ərzində ticarət dövriyyəsində 598,184 mln. dollarlıq müsbət saldo yaranıb. Ötən ilin müvafiq dövründə həmin göstərici 2,432 mlrd. dollar təşkil edib. Beləliklə, ticarət dövriyyəsinin müsbət saldosunda 4 dəfədən çox azalma qeydə alınıb. Bu müddətdə ölkəyə 7 228 adda mal gətirilib, Azərbaycandan isə əksinə 2 809 çeşiddə mal ixracı həyata keçirilib.