Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 142 il ötür.
142 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabi “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu. Cəmi 56 nömrəsi çıxan qəzet Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edir, müntəzəm məqalələrlə çıxış edirdilər. Lakin “Əkinçi”nin ömrü uzun sürmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı.
Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu.
“Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi isə 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.
1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.
Bu gün isə respublikamızda çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, onlayn media inkişaf edir.
Bu gün peşə bayramını qeyd edən bütün həmkarlarımızı FED.az adından təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!