Qəbələ şəhəri Türkiyə Respublikasının dünyaca məşhur rəqs qrupu "Anadolu Atəşi"nin xüsusi konsert proqramına ev sahibliyi edəcək.
"Gilan Hospitality Group"dan FED.az-a verilən məlumata görə, qrupun konserti beynəlxalq tədbirlərin və görüşlərin məkanı olan Qəbələ Konqress mərkəzində olacaq.
Konsertin təşkilatçısı Gilan Hospitality Group-un İcraçı Direktoru Elgün Məmmədov artıq bir neçə ildir ki, Qəbələ şəhərinin bir sıra mühüm tədbirlərə ev sahibliyi etdirini deyib: "Bunlardan ən vacibi Qəbələ Beynəlxalq Musiqi Festivalıdır. Bu cür tədbirlərin davamı olaraq, Anadolu Atəşi rəqs qrupunun Qəbələ səfəri mühüm mədəni hadisədir. Qrupun Qəbələdəki çıxışı insanların mədəniyyətlərin bir birinə təsirini, müasir dövrümüzdə tarixin bizə irs qoyduğu musiqini və rəqsləri hiss etməyə və bir anlıq keçmişə səfər etməyə şərait yaradır. Konsertin Novruz bayramı ərəfəsində keçirilməsi isə heç də təsadüf deyildir. Bu konsert bayram ərəfəsində qonaqlarımıza mədəni həzz yaşatmaq üçün nəzərdə tutulmuşdur.Gələcəkdə Qəbələ şəhəri bu cür tədbirlərlə daha çox Azərbaycan tamaşaçısını və şəhərimizin qonaqlarını sevindirməyə davam edəcəkdir".
Qeyd edək ki, Anadolu Atəşi rəqs qrupu 93 ölkədə 3850 canlı rəqs performansı ilə 31 milyondan çox tamaşaçı tərəfindən izlənilib. Qrupun rəqslərinin əsas konsepti mədəniyyətlərin qovuşması və dünyəvi dəyərləri aşılamaqdır. Rəqs qrupunun çıxışları tarixən Anadolunun mifoloji və kultural tarixindən qaynaqlanır. Rəqslərin əsas ritmləri yüzlərcə xalq rəqsləri və xalq musiqisinin sinxron təcəssümüdür. Qrupu əsas məqsədi Anadolunun yüzlərcə illik sevgi, mədəniyyət və tarix elementlərinin əks edilməsidir.
"Anadolu Atəşi" Qəbələdə çıxış edəcək
16:19
14 Mart 2017