“Hazırda Abşeron iqtisadi rayonunda olan qəsəbələrin sayı 69-a çatır. Onlardan 59-u Bakı şəhəri ətrafında, 8-i Abşeron rayonunda yerləşir, 2-si isə Sumqayıta tabedir”. FED.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Azərbaycanın əhalisi və sosial inkişaf coğrafiyası şöbəsinin aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru Zakir Eminov “Azərbaycanda torpaq idarəçiliyində kadastr və coğrafi informasiya məlumatlarından istifadənin elmi əsasları” mövzusunda elmi-praktik seminarda deyib.
Onun sözlərinə görə, Bakı şəhəri ətrafında yerləşən 4 qəsəbədə əhalinin sayı 50 min nəfərdən çoxdur. Elmi işçi qeyd edib ki, Qaraçuxur qəsəbəsində 84,5 min nəfər, Bakıxanov qəsəbəsində 73,7 min nəfər, Binə qəsəbəsində 55,3 min nəfər, Rəsulzadə qəsəbəsində 52,5 min nəfər əhali yaşayır: “Regionda 14 qəsəbənin əhalisi 20-50 min nəfər arasında, 12 qəsəbənin əhalisi 10-20 min nəfər arasındadır. Xızı rayonunda da belə qəsəbələr - Altıağac, Giləzi və Şurabad qəsəbələri - var. Abşeron iqtisadi rayonunun kənd məskunlaşmasına Abşeron və Xızı rayonlarında yerləşən 20-yə yaxın kənd məntəqəsi aiddir. Bu məntəqələrdə 43,7 min nəfərə yaxın əhali yaşayır”.
Z.Eminov vurğulayıb ki, əhalinin regionlardan olan miqrasiyası, nizamsız, qeyri-qanuni və plansız məskunlaşma qəsəbələrdə əhalinin həddən artıq çoxalmasına, məntəqələrin ərazicə genişlənməsinə gətirib çıxarıb: “Bu isə əhalisinin sayı 10 min nəfərdən çox olan qəsəbələrə şəhər statusu verilməsini gündəmə gətirir. Belə vəziyyətdə 30-a qədər qəsəbəyə şəhər statusu verilməsi tələb olunur. Qəsəbələrin şəhər statusu alması onların sonrakı mərhələdə də inkişafına, ərazicə genişlənməsinə imkan verəcək. Bu isə regionda əlavə problemlər, regionların inkişaf səviyyəsində olan fərqlərin artması deməkdir”.