"Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması layihəsi ölkə başçısı ilə razılaşdırılıb". Bunu baş nazirin müavini Abid Şərifov bildirib.
"Mən bir məmur, şəhər sakini və inşaatçı kimi bu qərara çox sevinirəm. Layihənin təşəbbüskarı Fövqəladə Hallar Nazirliyidir. Söhbət SSRİ dövründə tikilən panel evlərindən gedir. Bir şeyi bilmək lazımdır ki, bu cür evləri fransızlar tikib. Həmin evlər fransızlar tərəfindən Əlcəzairdə neft sahəsində işləyənlər üçün tikilirdi. SSRİ dövründə evlə təminatda problemlər olduğu üçün bu cür modellərə üstünlük verilib. Başqa sözlə, bu, müvəqqəti yaşayış sahəsi adlanır. SSRİ dövründə Bakıda evsizlik ciddi problem olduğu üçün Niktia Xruşyov panel evlərin tikintisinə icazə verib. Amma bəla ondadır ki, bu evlərin hamısı betondan tikildiyinə görə, bütün müvafiq normativlər pozulub. Bu cür evlərdə yaşayanların əksəriyyəti xəstəliyə məruz qalır. Mən özüm bir neçə ay həmin panel evlərində yaşamışam. Həmin evlərdə "otopleniye" adlandırdığımız istilik sistemik də çürüyüb. Təmiz beton, linoleum... kimin imkanı varsa, parket quraşdırır, imkanı olmayan isə məlum vəziyyətdə olur. Ona görə, bu evlərin sökülməsi təqdirəlayiqdir. Sözsüz ki, bu layihə ölkə başçısı ilə razılaşdırılıb. Mikrorayonlardakı evlər bir-bir söküləcək. Həmin ərazidə 9-12 mərtəbəli evlər tikiləcək. Təbii ki, sosial obyektlər də tikilmiş olacaq", - deyə o bildirib.
Baş nazirin müavini əlavə edib ki, söküləcək evlərin sakinləri yeni binalar tikildikdən sonra orada mənzillə təmin olunacaqlar.
A.Şərifov onu da qeyd edib ki, hazırda layihənin reallaşdırılacağı müddətlə bağlı hər hansı fikir söyləmək çətindir. "Hazırda layihələndirmə işləri gedir. Ardınca tikintidə iştirak edəcək şirkətlərin cəlb olunması prosesinə başlanılacaq. Lakin bir şey dəqiqdir ki, işlər uzanmayacaq. Bilirik ki, Bakıda tikinti işləri ilə məşğul olan şirkətlərin bəziləri işləri yubadır. Amma bu layihədə bu baş verməyəcək", - deyə o bildirib.
Xatırladaq ki, martın 10-da baş nazir Artur Rasizadə Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə qərar imzalayıb. Nazirlər Kabineti Bakı şəhərinin mikrorayonlarında əsasən Fransanın "Kamyu" şirkətinin istehsalı olan və sonralar "Xruşşovka" kimi tanınan müvəqqəti yaşayış üçün nəzərdə tutulan, öz istismar müddətini başa vurmuş iripanelli yaşayış binalarında yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi üçün həmin binaların sökülərək yerində müasir tələblərə uyğun yeni çoxmərtəbəli binaların tikilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin əlaqədar təşkilatlarla razılaşdırılmış təklifini nəzərə alaraq, 1-ci mikrorayon ərazisində aparılacaq yenidənqurma işləri üzrə sifarişçi funksiyasını Fövqəladə Hallar Nazirliyinə həvalə edib.
Fövqəladə Hallar Nazirliyinə "Pilot layihə" kimi, Bakı şəhərinin 1-ci mikrorayonunda mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, mövcud şəhərsalma normalarına cavab verməyən, "Xruşşovka" kimi tanınan yaşayış binalarının və həmin mikrorayonun ərazisindəki digər yaşayış və qeyri-yaşayış təyinatlı tikililərin sökülərək yerində yeni binaların tikilməsi, sosial infrastrukturun yaradılması və abadlaşdırılması üzrə ərazinin müfəssəl planının hazırlanması və təsdiqini, həmçinin bu müfəssəl plan əsasında yerinə yetiriləcək işlərin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasını və işlərin icrasını özündə əks etdirən Tədbirlər Planının layihəsini hazırlayaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmaqla, təsdiq edilməsi üçün 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
FHN aparılacaq tikinti işlərinə özəl şirkətlərin vəsaitlərinin və kredit vəsaitlərinin cəlb edilməsini təşkil etməli, tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb edəcəkləri kredit vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə köməklik göstərilməsini təmin etməli, qanunvericiliyin tələblərinə uyğun olaraq, binaları sökərək onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə, onlara məxsus olan mənzilin ümumi sahəsindən 10 faiz əlavə sahə olmaqla, sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında sökülmüş binalarda olduğu mərtəbədə, 1-ci mərtəbədə olan mənzillərin əvəzinə isə 1-ci yaşayış mərtəbəsində mənzillərin ayrılmasını təmin etməli, binaları sökərək onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək söküləcək binalarda, o cümlədən ərazidə ayrıca yerləşən və binalara bitişik olmayan qeyri-yaşayış sahələrinin sahiblərinə müvəqqəti olaraq istifadəyə (icarəyə) verilmiş qeyri-yaşayış sahələri üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sahibkarlara, onlara məxsus olan qeyri-yaşayış sahələrinin ümumi sahəsindən 10 faiz əlavə sahə olmaqla, sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında qeyri-yaşayış sahələrinin ayrılmasını təmin etməli, eləcə də Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə Bakı şəhərinin 1-ci mikrorayonu ərazisində yerləşən məktəb, uşaq bağçası, körpələr evi, xəstəxana və digər qeyri-yaşayış binalarının texniki vəziyyətini araşdırıb büdcə vəsaiti hesabına həmin binaların təmiri, yenidən qurulması və ya sökülüb yenidən tikilməsi barədə aidiyyəti üzrə təkliflər hazırlayıb 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Dövlət Neft Şirkətinə, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə, "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə və "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinə isə tapşırılıb ki, yeni tikiləcək binaların mühəndis xətləri ilə təminat məsələləri üzrə texniki şərtlərin ödənişsiz verilməsini və yenidənqurma aparılan ərazilərin sərhədlərinədək sahəxarici mühəndis-kommunikasiya xətlərinin tikintisinin öz vəsaitləri hesabına həyata keçirilməsini təmin etsinlər.
Əmlak Məsələləri Dövlət Komitəsi tikintisi başa çatmış obyektlərin istismarına icazə verildikdən sonra, həmin obyektlərin qanunvericiliklə müəyyən olunmuş qaydada qeydiyyatını həyata keçirməlidir.
Qərarın icrası ilə əlaqədar yerinə yetiriləcək işlərin əlaqələndirilməsini və qarşıya çıxan məsələlərin operativ və hərtərəfli həllini təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin, Fövqəladə Hallar Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Maliyyə Nazirliyinin və Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə daimi fəaliyyət göstərən işçi qrup yaradılacaq.