Azərbaycanda ana ölümlərinin səviyyəsinin 2015-ci illə müqayisədə 2025-ci ilə qədər 10% azaldılması nəzərdə tutulur.
Bu məsələ 2007-2015-ci illər üzrə Azərbaycan əhalisinin Reproduktiv Sağlamlığına dair Milli Strategiyada öz əksini tapıb.
Strategiyanın məqsədlərində hamilələrin erkən qeydiyyatını (hamiləliyin 12 həftəsinə qədər) 74%-dən 2025-ci ilə qədər 90%-ə qədər artırmaq, işlənib hazırlanmış protokol əsasında antenatal qulluq alan hamilələrin faizini 2025-ci ilə qədər 70%-ə qədər artırmaq nəzərdə tutulub.
Perinatal və körpə sağlamlığının yaxşılaşdırılması sahəsində perinatal ölüm səviyyəsi 2025-ci ilə 10%, neonetal xəstələnmə və ölüm səviyyəsi isə 10% azaldılacaq. Körpələrin 6 aya qədər yalnız ana südü ilə qidalandırma səviyyəsi 2015-ci ildə 60%-dən 2025-ci ildə 70%-ə qədər artırılacaq.
Strategiyada müasir kontrasepsiya üsullarından istifadə edən 15-49 yaşlı qadınların faizini 20% artırmaq, ilkin səhiyyə səviyyəsində ailə planlanması üzrə məsləhət alan kişilərin faizini 20% artırmaq (bu məqsədlə 2017 və 2025-ci illərdə kişilər arasında sorğu aparmaq), yeniyetmələr arasında (15-17 yaş) doğum göstəricisini 20% azaltmaq, ümumi abortların sayından hamiləliyin 12 həftəsindən sonra icra edilən abortların payını 8%-dən 6%-ə qədər azaltmaq, 2025-ci ilə kimi anadangəlmə sifilisi və HİV-in anadan uşağa ötürülməsini 50% azaltmaq, uşaqlıq boyunu xərçəngi olan qadınlarda erkən aşkarlanma və vaxtında müalicə aparmaqla 5 illik yaşama faizini artırmaq kimi məsələlər nəzərdə tutulub.
Strategiyaya əsasən son 12 ay ərzində gender zorakılığına və cinsi istismara məruz qalmış qadınların və yaşı 15-dən çox olan qızların sayı 20% azalacaq.