On səkkiz yaşlı Xaçmaz sakini Həmdulla Xəlilov metal tullantılarından və müxtəlif məişət əşyalarının hissələrindən istifadə etməklə, mini traktor düzəldib.
Bacarıqlı gənc rayonun Nərəcan kəndində yaşayır. Mini traktorun hazırlanmasına bir ay vaxt sərf edən Həmdulla Xəlilovun əldə etdiyi nəticə gözlədiyindən də yaxşı olub. İndi Xəlilovlar ailəsi bu traktordan bağdan meyvə və ot daşınmasında istifadə edir.
Həmdulla Xəlilov bildirir ki, yığdığı traktorun sürət qutusu və təkərləri “Jiquli”nin, motoru isə su nasosunundur. Saatda 50 kilometr sürətlə hərəkət edə bilən mini traktorun qoşqusu da var. Gələcəkdə isə traktora otbiçən qurğu və kotan da qoşmaq mümkün olacaq.
Xaçmazlı gəncin hazırladığı traktor digər texnikalardan daha az yanacaq sərf edir. Artıq sözügedən texnikanı almaq istəyənlər də var. Gənc ixtiraçıya 2 min manat təklif olunsa da, o, traktorunu satmayıb. Həmdulla Xəlilov texnikanı daha da təkmilləşdirmək niyyətindədir.
© Azərtac