Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunması tədbirləri davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FED.az-a verilən məlumata görə, nazirlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində bu günə olan məlumata əsasən, artıq 103 ailəyə fərdi təsərrüfatlarını qurmaları üçün aktivlər (mal və materiallar) alınıb verilib.
Bu sahədə ilk tədbir cəbhə bölgəsində yerləşən Tərtər rayonunda həyata keçirilib və həmin rayonda 11 aztəminatlı ailə biznes imkanlarına yiyələnmələri üçün mal və materiallarla təmin edilib. Həmçinin Laçın rayonu üzrə 12, Hacıqabul rayonu üzrə 8, Ağcabədi rayonu üzrə 10, Beyləqan rayonu üzrə 14, Xocavənd rayonu üzrə 10, Qəbələ rayonu üzrə 9, İsmayıllı rayonu üzrə 13, Göyçay rayonu üzrə 11, Ağsu rayonu üzrə 5 ailənin özünüməşğulluq fəaliyyətinin təşkili üçün aktivlərlə təminatı həyata keçirilib. Hazırda proqrama uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizin rayon və şəhərlərində ailələrə fərdi təsərrüfatlarını qurmaları üçün mal və materialların alınıb verilməsi işləri davam etdirilir.
Dövlət başçısının qeyd olunan Sərəncamı əsasında icra olunan özünüməşğulluq proqramı ailələrin fərdi təsərrüfatlarını, fərdi bizneslərini qurmaqla özünüməşğulluğuna, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, digər tərəfdən kiçik və orta sahibkarlığın inkişafına xidmət edir. Proqramın icrası işləri çərçivəsində 2016-cı ilin 01 aprel tarixinədək Məşğulluq Mərkəzlərində işaxtaran və işsiz kimi qeydiyyatda olan və özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən şəxslər arasından proqramda iştirak imkanları olanlar seçilərək iki aylıq təlim kurslarına cəlb olunublar. Kursları uğurla başa vuranların hazırladıqları biznes-planların qiymətləndirilməsi prosesi keçirilib. Qiymətləndirmədə onlardan 80 faizinin biznes planları uğurlu hesab edilib və ailə təsərrüfatlarını qurmaları üçün aktivlərlə təmin olunmalarına başlanılıb.
Xatırladaq ki, özünüməşğulluq proqramı çərçivəsində təqribən 1500 ailəyə fərdi təsərrüfatlarının yaradılması üçün mal və materiallar verilməsi, beləliklə, ailə bizneslərinin qurulması yolu ilə onların əmək qabiliyyətli üzvlərinin özünüməşğulluğuna şərait yaradılması nəzərdə tutulub.
100 nəfərdən çox işsiz və işaxtaran şəxsə aktivlər verilib
13:28
20 Fev 2017