Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
C. Hacıyev 15 il müddətinə azadlıqdan məhrum olunub.
Hökmə əsasən, Bakı Fındıq Zavodunun direktoru işləmiş, hazırda zamində olan Azad Cavadov 10 il 11 ay, bankın Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov 7 il 6 ay, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov 6 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev və bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov 3 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Hökmdə bildirilir ki, Cahangir Hacıyevdən 63 milyon 80 min manat tutularaq, Beynəlxalq Banka, 7 milyon manat tutularaq isə "Aqrokredit" QSC-yə verilsin.
Qeyd edək ki, C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub.
apa©