Azərbaycanda sığorta sistemində müvəqqəti inzibatçılıq institutu tətbiq edilir.
FED.az xəbər verir ki, prezident İlham Əliyev “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda sığorta şirkətlərində müvəqqəti inzibatçılığın tətbiq edilməsi qaydasını müəyyən edən dəyişiklikləri təsdiq edib.
Dəyişikliklərə görə, müvəqqəti inzibatçılıq maliyyə bazarlarına nəzarət orqanına sığortaçı tərəfindən təqdim olunmuş hesabatlardan və (və ya) maliyyə bazarlarına nəzarət orqanı tərəfindən əldə edilmiş və sənədlərlə təsdiq olunmuş faktlardan sığortaçının məcmu kapitalının məbləğinin onun tələb olunan kapitalının məbləğindən az olması müəyyən edildikdə; sığortaçı sığortalılar, sığorta olunanlar, faydalanan şəxslər, maliyyə bazarlarına nəzarət orqanı, İcbari Sığorta Bürosu və digər şəxslər qarşısında olan öhdəliklərini, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş digər öhdəliklərini ardıcıl olaraq 3 ay ərzində tam icra etmədikdə və bu barədə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən verilmiş xəbərdarlıqdan sonra 30 gün ərzində həmin xəbərdarlıqda göstərilən öhdəlik tam icra edilmədikdə tətbiq edilə bilər.
Maliyyə vəziyyətinin və itirilmiş kapitalının bərpası məqsədilə sığortaçıya tətbiq olunan tədbirlər aşağıdakılardır: sağlamlaşdırma planının hazırlanmasının və tətbiqinin tələb edilməsi; sığortaçının rəhbər işçilərinin vəzifələrindən müvəqqəti kənarlaşdırılmasının və azad edilməsinin tələb edilməsi.
Eləcə də bax: Sığorta şirkətləri üçün sərt tələblər gəlir – QANUN DƏYİŞDİ
Sığortaçının məcmu kapitalının məbləği onun tələb olunan kapitalının məbləğinin 90 faizinə qədər endikdə maliyyə bazarlarına nəzarət orqanı sığortaçıdan sığortaçının maliyyə vəziyyətinin və itirilmiş kapitalının bərpası üçün tədbirləri və onların icra müddətlərini özündə əks etdirən sağlamlaşdırma planının təqdim edilməsini tələb edir.
Sağlamlaşdırma planının hazırlanması və layihəsinin baxılması üçün təqdim olunması müddətinin son həddi 30 iş günündən çox ola bilməz. Sağlamlaşdırma planı bir sığortaçıya münasibətdə iki təqvim ili ərzində yalnız bir dəfə tətbiq edilə bilər. Planın həyata keçirilmə müddəti tənzimləyici tərəfindən müəyyən ediləcək.
Sığortaçının məcmu kapitalının məbləği onun tələb olunan kapitalının məbləğinin 90 faizindən az, 80 faizindən çox olduqda; sağlamlaşdırma planının təqdim edilməsi ilə bağlı tələblər yerinə yetirilmədikdə; sağlamlaşdırma planının təqdim edilməsi üçün əsas olan hal sağlamlaşdırma planının icrası nəticəsində aradan qalxmadıqda maliyyə bazarlarına nəzarət orqanı sığortaçıya rəhbər işçilərinin 45 iş gününədək müddətə vəzifələrindən müvəqqəti kənarlaşdırılması barədə təqdimat verir. Daha sonra maliyyə bazarlarına nəzarət orqanı sığortaçının məcmu kapitalının məbləğinin azalmasının və (və ya) sağlamlaşdırma planının icra edilməməsinin və ya təqdim edilməməsinin səbəblərini araşdırır.
Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən aparılan araşdırmalar nəticəsində vəzifələrindən müvəqqəti kənarlaşdırılan rəhbər işçilərin fəaliyyətində qüsurlar aşkar edilərsə, maliyyə bazarlarına nəzarət orqanı sığortaçıya həmin rəhbər işçilərin vəzifələrindən azad edilməsi barədə əsaslandırılmış təqdimat verir. Qüsurlar 6 ay ərzində və ya sağlamlaşdırma planının icra müddəti bitənədək aradan qaldırılmalıdır.
Sənədə əsasən, sığortaçının məcmu kapitalının məbləği onun tələb olunan kapitalının məbləğinin 80 faizindən aşağı düşdükdə və ya əvvəlki tələblər icra edilmədikdə tənzimləyici sığortaçıya müvəqqəti inzibatçı təyin edir. Müvəqqəti inzibatçının funksiyalarına sığortaçının maliyyə vəziyyətinin yaxşılaşdırılması, fəaliyyətinin tam və ya bir hissəsinə nəzarətin həyata keçirilməsi, sığortaçının işinin səmərəli idarə edilməsi və sığortaçının biznes strategiyasının dəyişdirilməsi daxildir.
Müvəqqəti inzibatçı maliyyə bazarlarına nəzarət orqanının işçiləri sırasından və ya kənar şəxslərdən (fiziki və (və ya) hüquqi şəxslərdən) 3 ayadək müddətə təyin edilir. Bu müddət hər dəfə 3 aydan çox olmamaq şərti ilə ümumilikdə 12 ayadək uzadıla bilər.