Prezident İlham Əliyev “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1400-VQD nömrəli Qanununun tətbiqi barədə” fərman imzalayıb.
ELƏCƏ DƏ BAX: “Qala Sığorta” şirkəti 2018-ci ili uğurla başa vurub - HESABAT
FED.az-ın məlumatına görə, qanuna aşağıdakı məzmunda 96-1-ci-96-9-cu maddələr əlavə edilib:
“Maddə 96-1. Sığortaçıya maliyyə vəziyyətinin və itirilmiş kapitalının bərpası məqsədi ilə tətbiq olunan tədbirlər
96-1.1. Maliyyə bazarlarına nəzarət orqanı sığortaçının maliyyə vəziyyətinin və itirilmiş kapitalının bərpası məqsədilə sığortaçıya aşağıdakı hallarda bu Qanunun 96-1.2-ci maddəsində nəzərdə tutulan tədbirləri tətbiq edir:
96-1.1.1. maliyyə bazarlarına nəzarət orqanına sığortaçı tərəfindən təqdim olunmuş hesabatlardan və (və ya) maliyyə bazarlarına nəzarət orqanı tərəfindən əldə edilmiş və sənədlərlə təsdiq olunmuş faktlardan sığortaçının məcmu kapitalının məbləğinin onun tələb olunan kapitalının məbləğindən az olması müəyyən edildikdə;
96-1.1.2. sığortaçı sığortalılar, sığorta olunanlar, faydalanan şəxslər, maliyyə bazarlarına nəzarət orqanı, İcbari Sığorta Bürosu və digər şəxslər qarşısında olan öhdəliklərini, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş digər öhdəliklərini ardıcıl olaraq 3 ay ərzində tam icra etmədikdə və bu barədə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən verilmiş xəbərdarlıqdan sonra 30 gün ərzində həmin xəbərdarlıqda göstərilən öhdəlik tam icra edilmədikdə.
96-1.2. Maliyyə vəziyyətinin və itirilmiş kapitalının bərpası məqsədilə sığortaçıya tətbiq olunan tədbirlər aşağıdakılardır:
96-1.2.1. sağlamlaşdırma planının hazırlanmasının və tətbiqinin tələb edilməsi;
96-1.2.2. sığortaçının rəhbər işçilərinin vəzifələrindən müvəqqəti kənarlaşdırılmasının və azad edilməsinin tələb edilməsi;
96-1.2.3. sığortaçıya müvəqqəti inzibatçının təyin edilməsi.
Maddə 96-2. Sağlamlaşdırma planı
96-2.1. Sığortaçının məcmu kapitalının məbləği onun tələb olunan kapitalının məbləğinin 90 faizinə qədər endikdə maliyyə bazarlarına nəzarət orqanı sığortaçıdan sığortaçının maliyyə vəziyyətinin və itirilmiş kapitalının bərpası üçün tədbirləri və onların icra müddətlərini özündə əks etdirən sağlamlaşdırma planının təqdim edilməsini tələb edir.
96-2.2. Sağlamlaşdırma planına dair tələbləri, onun icra müddətinin hesablanması qaydasını və icrasına dair hesabatların forması və təqdim olunması qaydasını maliyyə bazarlarına nəzarət orqanı müəyyən edir.
96-2.3. Maliyyə bazarlarına nəzarət orqanın yazılı tələbini aldıqdan sonra sığortaçı tələbdə göstərilən müddət ərzində sağlamlaşdırma planının layihəsini hazırlayır və baxılması üçün yazılı surətdə maliyyə bazarlarına nəzarət orqanına təqdim edir. Sağlamlaşdırma planının hazırlanması və layihəsinin baxılması üçün təqdim olunması müddətinin son həddi 30 iş günündən çox ola bilməz.
96-2.4. Maliyyə bazarlarına nəzarət orqanı baxılması üçün ona təqdim edilmiş sağlamlaşdırma planının layihəsinə dair təklifləri olduqda, bu barədə 10 iş günü ərzində sığortaçıya yazılı bildiriş təqdim edir və sağlamlaşdırma planına əlavə və (və ya) dəyişikliklərin edilməsini tələb edir. Sığortaçı sağlamlaşdırma planına 5 iş günü ərzində əlavə və (və ya) dəyişiklikləri etdikdən sonra, sağlamlaşdırma planının layihəsini təkrar yazılı surətdə maliyyə bazarlarına nəzarət orqanına təqdim edir. Maliyyə bazarlarına nəzarət orqanı sağlamlaşdırma planının layihəsi ilə razı olduqda, bu barədə sığortaçıya 5 iş günü ərzində yazılı bildiriş göndərir.
96-2.5. Sağlamlaşdırma planı maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırıldıqdan sonra sığortaçı sağlamlaşdırma planının icrasına başlayır.
96-2.6. Sağlamlaşdırma planının icrasına nəzarət çərçivəsində maliyyə bazarlarına nəzarət orqanı sağlamlaşdırma planının icrası barədə bu Qanunun 96-2.2-ci maddəsində müəyyən edilən qaydada hesabatlar alır.
96-2.7. Sağlamlaşdırma planı bir sığortaçıya münasibətdə iki təqvim ili ərzində yalnız bir dəfə tətbiq edilə bilər.
Maddə 96-3. Sığortaçının rəhbər işçilərinin vəzifələrindən müvəqqəti kənarlaşdırılması və azad edilməsi
96-3.1. Aşağıdakı hallarda maliyyə bazarlarına nəzarət orqanı sığortaçıya rəhbər işçilərinin 45 iş gününədək müddətə vəzifələrindən müvəqqəti kənarlaşdırılması barədə təqdimat verir:
96-3.1.1. sığortaçının məcmu kapitalının məbləği onun tələb olunan kapitalının məbləğinin 90 faizindən az, 80 faizindən çox olduqda;
96-3.1.2. bu Qanunun 96-1.2.1-ci maddəsində nəzərdə tutulan tədbir sığortaçı tərəfindən icra edilmədikdə;
96-3.1.3. bu Qanunun 96-2.1-ci maddəsində göstərilən sağlamlaşdırma planının təqdim edilməsi üçün əsas olan hal sağlamlaşdırma planının icrası nəticəsində aradan qalxmadıqda.
96-3.2. Bu Qanunun 96-3.1-ci maddəsində nəzərdə tutulan təqdimat verildiyi gündən maliyyə bazarlarına nəzarət orqanı sığortaçının məcmu kapitalının məbləğinin azalmasının və (və ya) sağlamlaşdırma planının icra edilməməsinin və ya təqdim edilməməsinin səbəblərini araşdırır.
96-3.3. Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən bu Qanunun 96-3.1-ci maddəsinə əsasən verilmiş təqdimatda göstərilən müddət ərzində aparılan araşdırmalar nəticəsində vəzifələrindən müvəqqəti kənarlaşdırılan rəhbər işçilərin fəaliyyətində qüsurlar aşkar edilərsə, maliyyə bazarlarına nəzarət orqanı sığortaçıya həmin rəhbər işçilərin vəzifələrindən azad edilməsi barədə əsaslandırılmış təqdimat verir.
96-3.4. Maliyyə bazarlarına nəzarət orqanının sığortaçının rəhbər işçilərinin vəzifələrindən müvəqqəti kənarlaşdırılması və ya azad edilməsi ilə bağlı təqdimatı bu təqdimatın verildiyi gündən sonrakı 5 iş günü ərzində icra edilməlidir.
96-3.5. Maliyyə bazarlarına nəzarət orqanı sığortaçıya bu Qanunun 96-3.1.1-ci maddəsində nəzərdə tutulan hal ilə əlaqədar təqdimat verdikdə, sığortaçı onun məcmu kapitalının məbləğinin tələb olunan kapitalın məbləğinin ən azı 90 faizinə bərabər olmasını bu cür təqdimat verildiyi tarixdən 6 ay ərzində təmin etməlidir.
96-3.6. Maliyyə bazarlarına nəzarət orqanı sığortaçıya bu Qanunun 96-3.1.2-ci maddəsində nəzərdə tutulan hal ilə əlaqədar təqdimat verdikdə, sığortaçı onun məcmu kapitalının məbləğinin tələb olunan kapitalın məbləğinə bərabər olmasını bu cür təqdimat verildiyi tarixdən sağlamlaşdırma planının icra müddəti bitənədək təmin etməlidir.
96-3.7. Maliyyə bazarlarına nəzarət orqanı sığortaçıya bu Qanunun 96-3.1.3-cü maddəsində nəzərdə tutulan hal ilə əlaqədar təqdimat verdikdə, sığortaçı onun məcmu kapitalının məbləğinin tələb olunan kapitalın məbləğinə bərabər olmasını bu cür təqdimat verildiyi tarixdən 6 ay ərzində təmin etməlidir.
Maddə 96-4. Müvəqqəti inzibatçının təyin edilməsinin əsasları
96-4.1. Aşağıdakı hallardan biri və ya bir neçəsi mövcud olduqda maliyyə bazarlarına nəzarət orqanı sığortaçıya müvəqqəti inzibatçı təyin edir:
96-4.1.1. sığortaçının məcmu kapitalının məbləği onun tələb olunan kapitalının məbləğinin 80 faizindən aşağı düşdükdə;
96-4.1.2. bu Qanunun 96-1.1.2-ci maddəsində göstərilən hal mövcud olduqda;
96-4.1.3. sığortaçı bu Qanunun 96-3.4-cü, 96-3.5-ci, 96-3.6-cı və ya 96-3.7-ci maddələrinin tələblərini icra etmədikdə.
96-4.2. Maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti inzibatçını təyin edərkən onun funksiyalarını və səlahiyyətlərinin həcmini müəyyən edir.
96-4.3. Müvəqqəti inzibatçının funksiyalarına sığortaçının maliyyə vəziyyətinin yaxşılaşdırılması, fəaliyyətinin tam və ya bir hissəsinə nəzarətin həyata keçirilməsi, sığortaçının işinin səmərəli idarə edilməsi və sığortaçının biznes strategiyasının dəyişdirilməsi daxildir.
96-4.4. Müvəqqəti inzibatçı təyin olunan andan səlahiyyətləri bitənədək maliyyə bazarlarına nəzarət orqanı tərəfindən sığortaçıya sanksiyaların və təqdimatların verilməsi dayandırılır.
Maddə 96-5. Müvəqqəti inzibatçının təyin edilməsi
96-5.1. Müvəqqəti inzibatçı maliyyə bazarlarına nəzarət orqanının işçiləri sırasından və ya kənar şəxslərdən (fiziki və (və ya) hüquqi şəxslərdən) 3 ayadək müddətə təyin edilir. Bu müddət hər dəfə 3 aydan çox olmamaq şərti ilə ümumilikdə 12 ayadək uzadıla bilər.
96-5.2. Müvəqqəti inzibatçının əməkhaqqı və çəkdiyi xərclər sığortaçının aktivləri hesabına ödənilir. Müvəqqəti inzibatçının əməkhaqqı və çəkdiyi xərcləri ödəmək üçün sığortaçının aktivləri kifayət etməzsə, ardıcıl olaraq 3 ay ərzində həmin xərclər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ödənilir.
96-5.3. Sığortaçılara aidiyyəti olan şəxslər, habelə sığortaçının kreditorları, sığortalılar, sığorta olunanlar, faydalanan şəxslər və benefisiar mülkiyyətçilər (maliyyə bazarlarına nəzarət orqanı istisna olmaqla) sığortaçının müvəqqəti inzibatçısı vəzifəsinə təyin oluna bilməzlər.
96-5.4. Müvəqqəti inzibatçının təyin edilməsi və ya təyinat müddətinin uzadılması haqqında qərarda bu Qanunun 96-4.2-ci maddəsi nəzərə alınmaqla, həmin qərarın qəbul edilməsinin əsasları, müvəqqəti inzibatçı haqqında məlumat və onun səlahiyyət müddəti göstərilir. Maliyyə bazarlarına nəzarət orqanı qərar qəbul edildikdən sonra onun dərhal sığortaçının Direktorlar Şurasına və İdarə Heyətinə təqdim olunmasını təmin edir.
96-5.5. Müvəqqəti inzibatçı öz fəaliyyətində bu Qanunu, qüvvədə olan normativ hüquqi aktları, o cümlədən maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktlarını, habelə göstəriş və tövsiyələrini rəhbər tutur.
96-5.6. Maliyyə bazarlarına nəzarət orqanının müvəqqəti inzibatçının təyin edilməsi haqqında qərarının surəti sığortaçıya təqdim edildiyi gündən etibarən 5 təqvim günü müddətində sığortaçının Direktorlar Şurası sığortaçıya təyin edilmiş müvəqqəti inzibatçının dəyişdirilməsi və ya ona razılıq verilməsi barədə qərar qəbul etməli və qərarın təsdiq edilmiş surətini maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidir. Sığortaçı maliyyə bazarlarına nəzarət orqanının müraciətinə münasibətini bildirmədikdə, sığortaçı müvəqqəti inzibatçının təyin edilməsi qərarı ilə razı olmuş hesab olunur.
96-5.7. Maliyyə bazarlarına nəzarət orqanı təyin etdiyi müvəqqəti inzibatçıya dair etiraz aldıqda, 5 iş günü müddətində öz qərarına yenidən baxmalı, təyinatın ləğv edilməsi və ya seçimini əsaslandıraraq qərarının qüvvədə saxlanılması barədə qərar qəbul etməlidir. Maliyyə bazarlarına nəzarət orqanının digər müvəqqəti inzibatçının təyin edilməsi və ya əvvəlki təyinatının qüvvədə saxlanılması barədə qərarı dərhal sığortaçıya təqdim olunmalıdır.
96-5.8. Bu Qanunun 96-5.6-cı və 96-5.7-ci maddələrində nəzərdə tutulmuş hallardan asılı olmayaraq, maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təyin edilmiş müvəqqəti inzibatçı maliyyə bazarlarına nəzarət orqanının onun təyin olunması barədə qərarı qəbul edildikdən sonra dərhal öz vəzifələrinin icrasına başlamalıdır. Müvəqqəti inzibatçının təyinatı dəyişdirildikdə, müvəqqəti inzibatçı dərhal sığortaçının aktivlərinin idarə olunmasını, mühasibat kitablarını və yazılarını yeni təyin olunmuş müvəqqəti inzibatçıya təhvil verməlidir.
Maddə 96-6. Müvəqqəti inzibatçının səlahiyyətləri
96-6.1. Bu Qanunun 96-4.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, müvəqqəti inzibatçı təyin olunduğu gündən sığortaçının idarə edilməsi ilə bağlı idarəetmə orqanlarının səlahiyyətləri dayandırılır və həmin səlahiyyətlər müvəqqəti inzibatçıya keçir.
96-6.2. Sığortaçının müvəqqəti inzibatçısı sığortaçının satılması, yenidən təşkili və ləğvi haqqında qərarlar qəbul edə bilməz.
96-6.3. Müvəqqəti inzibatçı sığortaçının mövcud maliyyə vəziyyəti haqqında ən geci 60 təqvim günü müddətində hesabat hazırlayıb maliyyə bazarlarına nəzarət orqanına təqdim edir. Hesabata sığortaçının ləğvi zamanı satıla bilən aktivlərin dəyərləndirilmiş qiyməti daxil edilir. Müvəqqəti inzibatçı hesabatın tərtib edilməsinə ekspertlər cəlb edə bilər. Ekspertlərin xidmətləri bu Qanunun 96-5.2-ci maddəsində göstərilən qaydada ödənilir.
96-6.4. Sığortaçının adından və sığortaçının hesabına əqdlər müvəqqəti inzibatçının yazılı razılığı ilə bağlanılır, əks halda həmin əqdlər etibarsız sayılır.
96-6.5. Müvəqqəti inzibatçı sığortaçının idarəetmə orqanlarının səlahiyyətlərindən başqa aşağıdakıları həyata keçirir:
96-6.5.1. sığortaçının əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür;
96-6.5.2. sığortaçının kreditorlarını və onların qarşısında sığortaçının öhdəliklərinin həcmini müəyyən edir;
96-6.5.3. sığortaçının öz vəsaitlərini (fondları, kapitalı və s.) sığortaçının öhdəliklərinin təmin edilməsinə yönəldir və sığortaçının kreditorlar qarşısında öhdəliklərinin yerinə yetirilməsi üçün tədbirlər görür;
96-6.5.4. sığortaçının adından əqdlər bağlayır və sənədlər imzalayır;
96-6.5.5. zərurət olduqda, sığortaçının investisiya qoyuluşunu nəzərdə tutan bağlanmış müqavilələrini ləğv edir və ya onlara dəyişikliklər və əlavələr edir;
96-6.5.6. sığortaçının adından və onun maraqları naminə məhkəmələrdə təmsilçiliyi təmin edir;
96-6.5.7. işdən azad edilmə, işə qəbul edilmə, aşağı vəzifəyə keçirilmə, vəzifədən kənarlaşdırma, sığortaçının işçiləri arasında vəzifələrin bölgüsü də daxil olmaqla əmrlər verir.
96-6.6. Müvəqqəti inzibatçı sığortaçının adından hər hansı bir sığorta növünün aparılması üzrə icazələrin ləğvi ilə bağlı maliyyə bazarlarına nəzarət orqanına müraciət edə bilər.
96-6.7. Maliyyə bazarlarına nəzarət orqanının razılığı ilə müvəqqəti inzibatçı sığortaçının idarə edilməsinə başqa şəxsləri, o cümlədən sığortaçının rəhbər işçilərini və əməkdaşlarını cəlb edə bilər.
96-6.8. Müvəqqəti inzibatçı bu Qanunun 29.1.2-ci, 29.1.3-cü, 29.1.5-ci, 29.1.6-cı, 29.1.7-ci, 29.1.9-cu, 29.1.11-ci, 29.1.12-ci və 29.3-cü maddələrində nəzərdə tutulan səlahiyyətləri və bu Qanunun 30.1.5-ci və 30.1.6-cı maddələrində nəzərdə tutulan vəzifələri maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla həyata keçirir.
96-6.9. Fəaliyyətə başladığı gündən etibarən sığortaçının rəhbər işçiləri və əməkdaşları sığortaçının möhürünü və ştamplarını, mühasibat kitablarını və digər sənədlərini, əmlakını və digər qiymətliləri müvəqqəti inzibatçıya təhvil verməli və fəaliyyəti ilə bağlı zəruri olan məlumatları ona təqdim etməlidirlər.
96-6.10. Müvəqqəti inzibatçının müraciəti ilə hüquq mühafizə orqanları onun sığortaçının binasına daxil olmasını, sığortaçının aktivlərini, mühasibat kitablarını və yazılarını idarəetməyə qəbul etməsini və onların qorunmasını təmin etməlidirlər.
Maddə 96-7. Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvəqqəti inzibatçının fəaliyyəti üzərində nəzarət
96-7.1. Maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti inzibatçının üzərində fəaliyyətinin bütün müddəti ərzində nəzarəti həyata keçirir.
96-7.2. Maliyyə bazarlarına nəzarət orqanı:
96-7.2.1. müvəqqəti inzibatçıya yazılı şəkildə icrası məcburi olan göstərişlər verməyə;
96-7.2.2. müvəqqəti inzibatçının fəaliyyəti barəsində məlumatların təqdim edilməsini tələb etməyə;
96-7.2.3. müvəqqəti inzibatçıdan hesabat almağa;
96-7.2.4. müvəqqəti inzibatçının təyinat müddətinin bu Qanunun 96-5.1-ci maddəsinə müvafiq olaraq uzadılmasına səlahiyyətlidir.
96-7.3. Müvəqqəti inzibatçı yalnız maliyyə bazarlarına nəzarət orqanı qarşısında hesabat verir.
Maddə 96-8. Moratorium
96-8.1. Sığortaçıya müvəqqəti inzibatçı təyin olunduğu dövrdə məhkəmə maliyyə bazarlarına nəzarət orqanının ərizəsi ilə sığortaçının öhdəlikləri üzrə ödənişləri tamamilə və ya qismən dayandıra (moratorium tətbiq edə) bilər.
96-8.2. Moratorium ilkin olaraq 3 ay müddətinə tətbiq edilir. Bu müddət hər dəfə 3 aydan çox olmamaq şərti ilə ümumilikdə müvəqqəti inzibatçının səlahiyyətlərinə xitam verilənədək uzadıla bilər.
96-8.3. Moratorium zamanı sığortaçının sığorta ödənişlərinin, əmək münasibətlərindən irəli gələn öhdəliklərinin və fəaliyyətinin təmin olunması üçün zəruri olan təsərrüfat xərclərinin həyata keçirilməsindən başqa, aşağıdakılar da daxil olmaqla, digər öhdəliklərinin icrası dayandırılır:
96-8.3.1. vergilər və başqa dövlət ödənişləri;
96-8.3.2. icra sənədləri üzrə icraat;
96-8.3.3. sığorta müqavilələrinə vaxtından əvvəl xitam verilərkən sığortalıya qaytarılmalı olan məbləğlər;
96-8.3.4. sığortaçının səhmdarlarının onlara məxsus səhmlərin geri alınması nəticəsində yaranan pul öhdəlikləri.
96.8.4. Öhdəliklərin dayandırılması zamanı öhdəliklər üzrə bütün faizlərin, dəbbə pulunun hesablanması dayandırılır.
Maddə 96-9. Müvəqqəti inzibatçının səlahiyyətlərinə xitam verilməsi
96-9.1. Müvəqqəti inzibatçının səlahiyyətlərinə maliyyə bazarlarına nəzarət orqanının qərarı ilə aşağıdakı hallarda xitam verilir:
96-9.1.1. maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən müddət bitdikdə;
96-9.1.2. bu Qanunun 96-5.2-ci maddəsində göstərilən xərclər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən 3 ay ardıcıl olaraq ödənildikdə;
96-9.1.3. maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvəqqəti inzibatçının səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə.
96-9.2. Bu Qanunun 107.1.7-1-ci maddəsində göstərilən hal mövcud olduqda maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti inzibatçının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında qərar qəbul edir və sığortaçıya sığorta fəaliyyətini həyata keçirmək üçün verilmiş lisenziyanı ləğv edir.
96-9.3. Müvəqqəti inzibatçının səlahiyyətlərinə xitam verildikdən sonra o, yekun hesabatı 30 gün müddətində hazırlayıb maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidir.”.
Sığorta şirkətləri üçün sərt tələblər gəlir – QANUN DƏYİŞDİ
21:04
28 Yan 2019