2018-ci ilin yanvar-mart ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 193.1 mln. manat məbləğində sığorta haqları toplanmış, 60.3 mln. manat məbləğində sığorta ödənişi aparılıb.
FED.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları 28,1% yüksəlib, sığorta ödənişlərinin məbləği isə demək olar ki, dəyişməyib.
Sığorta yığımlarının və ödənişlərinin böyük hisəsi könüllü sığortaların payına düşür. Könüllü sığorta bazarı üzrə haqlar 157.1 mln. manat, ödənişlər isə 44.4 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 36 mln. manat, ödənişlər isə 15.9 mln. manat olub.
2018-ci ilin yanvar-mart ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 81%-i könüllü, 19%-i isə icbari sığorta növlərinin payına düşmüşdür. Sığorta ödənişlərinin 74%-i könüllü, 26%-i isə icbari sığorta növləri hesabına formalaşıb.
2018-ci ilin yanvar-mart ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb