Ölkəmizdə milli, özəl sığortaçılığın tarixi 30 ilə yaxınlaşır. Keçən illəri yada salarkən haqlı sual yaranır - Bu illər ərzində nümunəvi sığorta sisteminin, optimal idarəetmənin, bir sözlə, normal sığorta bazarının yaradılması mümkün olmuşdurmu?! Suala qısa və birmənalı cavab vermək çətindir. Lakin aşağıdakı şərhləri oxuduqdan sonra siz mövzu ilə bağlı bir çox mətləblərdən xəbərdar ola biləcəksiniz.
Eləcə də bax: Təkrarsığorta və şərikli sığorta – MÜQAYİSƏLİ TƏHLİL
Beləliklə, ölkəmizdə yeni sığortaçılığın qısa tarixini xatırlaya bildiyimiz bütün müsbət və mənfi məqamları ilə nəzərdən keçirməyə çalışaq. Necə deyərlər, 30 il də bir tarixdir.
Azərbaycanda milli sığortaçılığın başlanğıcı dövlətimizin müstəqilliyinin bərpa olunduğu dövrə təsadüf edir. SSRİ-nin süqutundan dərhal sonra bütün müttəfiq respublikalarda olduğu kimi, Azərbaycanda da fərdi/özəl sığortaçılığın inkişafı üçün əlverişli şərait yarandı və 1992-ci ildən başlayaraq bazarda ilk özəl sığorta şirkətləri peyda olmağa başladı.
Sığorta nəzarəti orqanı (Tam adı: Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti Baş İdarəsi) isə hələ ondan bir il öncə, 1991-ci ilin oktyabrında yaradılmışdı. Elə həmin dövrdə sığortaçıların ictimai birliyi də yaradıldı. Bu təşkilatların birgə fəaliyyət tandemi şəraitində sığorta sahəsində qanunvericilik bazasının və milli sığortanın müasir infrastrukturunun yaradılması istiqamətində görülən işlər tədricən sığorta bazarının da müəyyən qədər formalaşmasına şərait yaradırdı.
Digər tərəfdən, tədricən bazar iqtisadiyyatına keçid paralel olaraq özəl sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlıq subyektlərinin (KOS) inkişafına da stimul yaradırdı. Bu tendensiya biznesin spesifik sahələri olan bank və sığorta sektorunda da müşahidə olunurdu.
Məsələn, qısa zaman kəsiyində ölkə üzrə sığorta şirkətlərinin sayı az qala 100-ə çatmışdı (1995-2000). Həmin illərdə yaradılan sığortaçıların təcrübəsizliyi, maliyyə resurslarının çatışmazlığı, sığorta vasitəçilərinin qanunazidd hərəkətləri və digər çoxsaylı mənfi amillər bazarda ilk “kövrək” addımlarını atan sığortaçıların fəaliyyətində çətinliklər yaradırdı.
MDB ölkələrində iqtisadi islahatların sürətlənmsinə yardım məqsədilə Aİ tərəfindən məşhur TACİS (Technical Assistance for the Commonwealth of Independent States) Proqramı həyata keçirilirdi. Həmin Proqram üzrə ölkəmizin bank sektoruna nou hauların tətbiqi məqsədilə qrantlar ayrılsa da, sığorta sisteminin inkişafı üçün bu cür qrantlar nəzərdə tutulmamışdır. Sığortaya inamsızlıq və insanların ondan kütləvi imtina dalğası da ilk onilliyin acı həqiqətləri idi.
Yeni yaradılan sığortaçıların rəhbərləri inadla sığorta işini öyrənməyə çalışır və bəzən hansı mənbədən və kimdən öyrənməklə bağlı çətinliklərlə üzləşirdilər. Bu zaman qocaman Azərsığortanın və İnqosstrax Bakının o vaxtkı əməkdaşlarının təcrübəsindən istifadə ilkin mərhələdə onlar üçün qənimət sayıla bilərdi.
Yeri gəlmişkən, o zamankı sığorta nəzarətçisinin də kadr bazası daha çox məhz Azərsığortadan transfer edilmiş təcrübəli işçilərin hesabına komplektləşdirilmişdi. Söhbət 1992-1996-cı illərdən gedir.
Digər tərəfdən yeni təsis edilmiş sığortaçılar Azərsığortanın, İnqosstrax-Bakının, New London Azərbaycan-İngiltərə Birgə Sığorta Şirkətinin sığorta qaydalarını əldə edərək, tərcümə və müvafiq dəyişikliklərdən sonra onları sığorta fəaliyyətinə lisenziya və icazə almaq üçün sığorta nəzarəti orqanına təqdim edirdilər.
Özəl sığortaçılığın ilkin mərhələsində sığortaçıların kapitallaşmasında da problemlər vardı. Səhmdarlar heç bir real kapital yatırımı etmədən, sadəcə, məsələn, Azərbaycan Respublikası Ticarət Sənaye Palatasının qiymətləndiricilərindən likvidliyi aşağı olan öz daşınmaz əmlaklarına əldə etdikləri qiymətləndirilmə sertifikatlarını nizamnamə kapitalı kimi qoyurdular.
Sığortaçının yaradıcısı öz daşınmaz əmlakını özünün yaratdığı sığortaçıya şişirdilmiş qiymətə sataraq müvafiq “sövdələşməni” asanlıqla rəsmiləşdirir, həmin əmlakın 3-4 qatı dəyərində “gəlir” əldə edirdi. Digər hallarda isə, təsisçi öz daşınmaz əmlakını elə öz sığorta şirkətinə son dərəcə baha qiymətə icarəyə verərək böyük qazanc götürürdü. Qısası, o zaman təsisçilər üçün sığorta təminat verən universial bir vasitə deyil, daha çox asan qazanc əldə etmək aləti idi.
Sığortalanma üçün bu və ya digər daşınmaz əmlak sahiblərinə bəzən sığorta haqlarının yarısından çoxunun “otkatka” formasında geriyə qaytarılması, sığorta agentlərinə verilən komissiyaların əndazəni aşması və s. də təəssüf doğurucu hallar idi. Sığortaçının bu qəbildən olan “xərcləri” və sığorta yığımlarının həcminin də əslində aşağı olması sığorta ehtiyatlarının tələb olunan səviyyədə və mükəmməl şəkildə formalaşdırlmasına imkan vermirdi.
Bir sözlə, sığortaçıların fondları bərbad vəziyyətdə idi.
Sığortada hüquqi bazanın təkmilləşdirilməsi: yeni qanunlar və digər normativ hüquqi aktlar
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti yaradıldıqdan dərhal sonra bir sıra normativ sənədlər, o cümlədən, 1) “Aktuari və sığorta ekspertinin fəaliyyət Qaydaları”, 2) “Azərbaycan Respublikasında sığorta və təkrarsığorta brokerlərinin fəaliyyət Qaydaları”, 3) “Azərbaycan Respublikasında sığorta agentlərinin fəaliyyət Qaydaları” qəbul edilmişdi. Düzdür, bu qaydalarda çoxlu sayda boşluq və çatışmazlıqlar vardı. Lakin bununla belə, həmin qaydaların tətbiqi sayəsində Azərbaycanda sığorta işinin qonşu ölkələrlə müqayisədə daha sürətli və artan inkişafının əsası qoyulmuş oldu. Digər tərəfdən, Azərbaycanda sığorta haqqında ilk qanunun qəbul edilməsi mərhələsinədək həmin qaydalar ölkədə sığorta işinin hüquqi tənzimlənməsində əhəmiyyətli idi.
Sonrakı illərdə sığortaya dair qəbul olunmuş çoxsaylı qanunvericilik aktları Azərbaycan Respublikasında sığorta bazarının dinamik inkişafı üçün hüquqi əsas yaratmış oldu.
Belə ki, “Sığorta haqqında” Azərbaycan Respublikasının 05.01.1993-cü il tarixli Qanununun qəbul edilməsi ilə özəl sığorta şirkətlərinin təsis edilməsi üçün qanunvericilik bazası yaradılmış oldu. Paralel olaraq, gələcək illər üçün Azərbaycanda sığortanın inkişafı məqsədilə müvafiq konsepsiya da hazırlandı.
“Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının 31.05.1996-cı il tarixli Qanunu ölkədə sığorta bazarının inkişaf etdirilməsində güclü təkan rolunu oynadı desək, səhv etmərik. «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının 20.05.1997-ci il tarixli Qanunu ilə hərbi qulluqçulara yüksək sığorta təminatı verilirdi. “Sığorta haqqında” Azərbaycan Respublikasının 25.06.1999-cu il tarixli Qanunu sığorta bazarı sisteminin təkmilləşdirilməsi istiqamətində atılmış növbəti mühüm addım oldu.
“Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu 05.10.1999-cu il tarixdə qəbul edilmişdir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının 28.10.1999-cu il tarixli Qanunu tibbi sığorta sisteminin nizama salınmasında ilkin həlledici hüquqi baza rolunu oynadı. “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu aqrar sığorta mexanizminin yaradılmasına və ona dövlət dəstəyinin artırılmasına inam yaradırdı.
“İcbari ekoloji sığorta haqqında” Azərbaycan Respublikasının 12.03.2002-ci il tarixli Qanunu qlobal səviyyədə artan ekoloji problemlərin həlli yönümündə dövlətimizin məqsədyönlü siyasətinə mükəmməl bir əlavə oldu. “Dövlət qulluqçularının icbari sığortası haqqında” Azərbaycan Respublikasının 30.04. 2002-ci il tarixli Qanunu dövlət qulluqçularının hər hansı riskdən təminatlılığına əsas yaradırdı. Yeri gəlmişkən, yuxarıda qeyd olunan hərbi qulluqçuların, məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin və dövlət qulluqçularının icbari sığortaları birbaşa Azərsığorta tərəfindən həyata keçirilir və təbii dövlət inhisarında idi.
“Sərnişinlərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının 17.06.2003-cü il tarixli Qanunu yeni sığorta məhsulunun tətbiqi baxımından böyük əhəmiyyətə malik idi. “Yanğından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 12.04.2004-cü il tarixli Qanunu özəl sahibkarlıq subyektlərinin təsərrüfat risklərinin sığortalanması baxımından son dərəcə əhəmiyyətli bir hadisə idi.
«İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının Qanunu Milli Məclis tərəfindən 2010-cu il 11 may tarixdə qəbul edilmiş və 2010-cu il 03 iyul tarixdə qüvvəyə minmişdir. Bu Qanunun qəbul edilməsi həyat sığortasının inkişafında yeni bir mərhələnin başlanğıcı oldu. Bundan sonra ölkədə ilk ixtisaslaşmış həyat sığortası şirkətləri yaradılmağa başlandı.
Eyni zamanda, Azərbayan Respublikasının Maliyyə Nazirliyi tərəfindən bu qanunlardan irəli gələn onlarla normativ-hüquqi sənədlər, təlimatlar, qaydalar, normalar, o cümlədən sığorta bazarının peşəkar iştirakçılarının fəaliyyətini, sığorta ehtiyatlarının yaradılması və ayırmaların hesablanması, həyat sığortası üzrə riyazi ehtiyatların hesablanması qaydasını tənzimləyən normativ-hüquqi aktlar qəbul edilmişdi.
Sığorta qanunvericiliyinə əsasən 2000-ci ilədək olan mərhələdə aşağıdakı normativ-hüquqi aktlar qəbul edilmişdir:
- “Qeyri-həyat sığortası növləri üzrə sığorta ehtiyatlarının yaradılması və ayırmaların hesablanması Qaydaları” - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 20.12.1999-cu il tarixdə qeydiyyata alınmışdır; 2. “Azərbaycan Respublikasında sığorta və təkrarsığorta brokerlərinin fəaliyyət Qaydaları” - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarətinin 15.08.2000-ci il tarixli A-43 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 18.08.2000-ci il tarixdə qeydiyyata alınmışdır; 3. “Aktuar və sığorta ekspertinin fəaliyyət göstərməsi Qaydası” - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarətinin 15.08.2000-ci il tarixli A- 43 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 18.08.2000-ci il tarixdə qeydiyyata alınmışdır; 4. “Azərbaycan Respublikasında sığorta agentlərinin fəaliyyət Qaydaları” - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarətinin 29.09.2000-ci il tarixli A-45 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 15.10.2000-ci il tarixdə qeydiyyata alınmışdır; 5. “Həyat sığortası üzrə riyazi ehtiyatların hesablanması Qaydası” da məhz həmin dövrdə işıq üzü görmüşdü.
Qeyd etmək lazımdır ki, yuxarıdakı qaydaların sığortaçılar tərəfindən mütləq qaydada yerinə yetirilməsinə ciddi nəzarət olunurdu. Bu zaman nəzarət orqanlarının məmurları dövlətin sığortaya nəzarət siyasətini əzmlə həyata keçirməklə yanaşı, əsil məsləhətçilər kimi də sığortaçılara daha yaxın olur və onların böyük rəğbətini qazanırdılar. Ayrı-ayrı əməkdaşlar bazarda ümumdövlət əhəmiyyətli müsbət qlobal dəyişikliklər etmək iqtidarında olmasalar da, fərdi təşəbbüskarlıq səviyyəsində adi məsələlərdə sığortaçılara yardımçı ola bilirdilər.
Xüsusi razılığın (lisenziya) alınması sığortaçı qismində fəaliyyətə başlamanın vacib şərtlərindəndir. Sığorta fəaliyyətinin lisenziyalaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Sığorta fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli, 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər”in 17-ci bəndi əsasında tənzimlənirdi. Lisenziyanı verən təşkilat isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi idi.
Dövlət Sığorta Nəzarəti
16 oktyabr 1991-ci il tarixdə Dövlət Sığorta Nəzarəti yaradılmışdı. Onun yaradılmasında əsas məqsəd sığorta fəaliyyətinin həyata keçirilməsi üzrə ölkəmizdə sığorta olunanların, sığortaçıların və dövlətin mənafelərinin qorunması və sığorta xidməti sahəsində dövlət nəzarətinin təşkili və metodik rəhbərliyin həyata keçirilməsi məqsədi ilə normativ hüquqi sənədlərin hazırlanması və bazar iqtisadiyyatına keçid dövründə sığorta xidmətinin tənzimlənməsini həyata keçirməkdən ibarət idi. Bütövlükdə nəzarət və tənzimləmə işləri yüksək standartlar və peşəkarlıq səviyyəsində aparılmasa da, orqanın əməkdaşları nəsə etməyə çalışırdılar. Təcrübəsizlik, müasir sığortaçılıq ənənələrindən xəbərsizlik öz sözünü deyirdi.
İqtisadi islahatlar zəminində Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 aprel tarixli, 467 saylı Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarətinin funksiyaları Azərbaycan Respublikası Maliyyə Nazirliyinə verildi. Yalnız bundan sonra, ölkədə sığorta işinin dünya standartlarına uyğun inkişaf etdirilməsi, etibarlı sığorta təminatının yaradılması, sığorta fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri daha da səmərəli həyata keçirilməyə başlandı.
Maliyyə Nazirliyinin təşəbbüsü əsasında, sığortaçıların maliyyə sabitliyi və ödəmə qabiliyyətinin təmin edilməsi, sığorta təminatının etibarlığının yüksəldilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə nizamnamə kapitalının minimum məbləği əhəmiyyətli dərəcədə artırılaraq, fəaliyyət göstərən sığortaçılar üçün 2001-ci ilin sentyabr ayından 2004-cü ilin əvvəlinədək mərhələlərlə ödənilməklə 2 milyard manat, yeni yaranan sığortaçılar üçün 2 milyard manat və təkrarsığortaçılar üçün 5 milyard manat müəyyən edilmişdir. (2006-cı ildə həyata keçirilən denominasiya tədbirlərindən əvvəlki məzənnə ilə).
Sonrakı illərdə nizamnamə kapitalının minimum məbləğinin artırılması ilə bağlı islahatlar davam etdirildi. Belə ki, nizamnamə kapitalının minimum məbləği mərhələli şəkildə artırılaraq sığortaçılar üçün 5 milyon, təkrarsığortaçılar üçün isə 10 milyon manat həcmində müəyyən edildi.
Sığorta bazarı üzrə dövlət tərəfindən aparılan məqsədyönlü siyasətin nəticəsində ümumi daxili məhsulda (ÜDM) sığorta haqlarının payı da artmışdır (2000-ci ildə bu rəqəm 0,35, 2001-ci ildə 0,70 və 2002-ci ildə 0,71 faiz təşkil etmmişdir). Bundan başqa sığorta təşkilatları dövlət büdcəsinə 2000-ci ildə 2,1 mlrd. manat vergi şəklində pul vəsaitləri köçürmüşdürlərsə 2002-ci ildə bu rəqəm 10,5 mlrd, manat təşkil etmişdir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2006-cı ildə Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasına üzv olması Respublikada sığorta işinin inkişafı istiqamətində atılan ən vacib addımlardan biri oldu.
Ardı var
Müəllif: Şükür Hüseynov, sığorta eksperti