Sığortaya yeni başlayanlar və tələbələr üçün sadələşdirilmiş təlim materialı
Bu yazıdan siz öyrənəcəksiniz:
- Təkrarsığortanın mahiyyəti və əsas prinsipləri
- Şərikli sığortanın mahiyyəti və onun tətbiqi mexanizmi
- Təkrarsığorta və şərikli sığorta daxılları
- Təkrarsığorta və şərikli sığortanın müqayisəsi qısa tezislərlə
- Təkrarsığorta və şərikli sığorta anlayışları
Hörmətli oxucular!
Bu material yeni işçilər və tələbələr üçün nəzərdə tutulduğuna görə mövzu kifayət qədər sadələşdirilmişdir. Başqa sözlə, biz, təkrarsığorta və şərikli sığorta kimi geniş və mürəkkəb bir maliyyə-sığorta əməliyyatları mexanizmini sadə bir yazıda bütün təfərrüatları ilə əhatə emək fikrindən uzağıq. Burada məqsəd sığortanı öyrənmək istəyənləri “qorxutmadan” mövzu ilə bağlı onlarda dəqiq ilkin təsəvvür yaratmaqdan ibarətdir. Təəssüf ki, əksər insanlar bu iki anlayışı hələ də bir-birindən fərqləndirə bilmirlər. Əminəm ki, bu məqaləni oxuyanlar təkrarsığorta və şərikli sığortanın arasındakı fərqi asanlıqla ayırd edə biləcəklər.
Təkrarsığortanın mahiyyəti
Təkrarsığortanın vətəni Almaniyadır. Belə ki, ilk ixtisaslaşmış təkrarsığorta qurumu 1846-cı ildə yaradılmış Köln təkrarsığorta şirkəti olmuşdur. Təkrarsığortanın ilk klassik tərifi isə XIX əsrdə Böyük Britaniyanın qanunvericiliyində verilmişdir. Məhz burada müəyyən edilmişdir ki, təkrarsığorta artıq bir dəfə sığortalanmış riskin yenidən sığortalanmasıdır və bu, sığortaçını öncə götürmüş olduğu risklərdən qoruyur.
Təkrarsığorta təkrarsığorta müqaviləsi əsasında həyata keçirilir. Təkrarsığorta müqaviləsi müvafiq qanunvericiliyə əsasən sığortaçı ilə təkrarsığortaçı arasında bağlanılır. Təkrarsığortanın ən sadə tərifini isə belə vermək olar: “Təkrarsığorta sığortaçının sığortasıdır”. Bir qədər geniş ifadə etmiş olsaq, təkrarsığorta riskin sığortaçılar arasında yenidən bölüşdürülməsi sistemidir. Burada ilk (birbaşa) sığortaçı bütün riski sığortalıdan qəbul edir və sonradan digər sığortaçılarla və ya təkrarsığortaçılarla yenidən bölüşdürür.
Bir sözlə, təkrarsığorta sığorta şirkətlərinin sabit fəaliyyətinin təmin edilməsində ən səmərəli alətlərdən biridir. Bu alətdən istifadə etməklə sığortaçılar ilkin olaraq öz üzərlərinə götürdükləri risk üzrə öhdəliklərinin bir hissəsini digər sığortaçıya və ya peşəkar təkrarsığortaçıya ötürə bilirlər.
Hazırda ölkəmizdə bir ixtisaslaşmış təkrarsığorta şirkəti vardır: “AzRe təkrarsığorta”. Lakin sığortaçılar da təkrarsığorta fəaliyyəti göstərə bilərlər. Sadəcə, bu məqsədlə sığorta nəzarəti orqanından ayrıca lisenziya alınması tələb olunur. Unutmaq olmaz ki, təkrarsığorta fəaliyyəti risklərin təkrarsığortaya ötürülməsini (verilməsini) deyil, qəbul edilməsini nəzərdə tutur.
Hansı risklərin və hansı həcmdə təkrarsığortaya verilməsini sığortaçı özü müəyyənləşdirir. Bir qayda olaraq, bu işi təkrarsığorta mütəxəssisləri anderrayterlərin iştirakı ilə aktuarinin nəzarəti altında yerinə yetirirlər. Lakin sığorta şirkətində korporativ idarəetmə sistemi mövcud olduğuna görə, şirkətdə bütün idarəetmə vahidləri bir ümdə məqsədə xidmət edirlər: daimi olaraq şirkətin maliyyə sabitliyinin və ödəniş qabiliyyətliliyinin təmin edilməsi. Əslində həmişə “ayaqda” olmaq sığortanın mahiyyətinin lap mayasında dayanır. Təkrarsığorta mexanizmi də bu məqsədin təmin edilməsində sığortaçıların istifadə etdiyi əsas vasitələrdən biridir. Sığortaçılar bu yolla həm də öz müştərilərini öncədən görünməyən zərər və itkilərdən qorumuş olurlar. Lakin nəzərə almaq lazımdır ki, sığortaçı riskləri öz mülahizəsi ilə istədiyi kimi bölüşdürə bilməz. Burada qüvvədə olan qanunvericiliyin konkret tələbləri vardır. Məsələn, sığortaçı əmlak sığortası müqaviləsi üzrə riskləri təkrarsığortaya ötürərkən həmin sığortaçının şəxsi tutumunun həcmi onun məcmu kapitalının 30 faizindən çox olmamalıdır.
Göründüyü kimi, təkrarsığortaya ötürmə heç də hər hansı sığortaçının daxili və sərbəst işi deyildir. Burada söhbət çoxsaylı müştərilərin mənafeyinin qorunmasından gedir və bu iş dövlətin, daha dəqiqi, onun adından çıxış edən sığorta nəzarəti orqanının ciddi nəzarətindədir.
Şərikli sığortanın mahiyyəti və onun tətbiqi mexanizmi
Şərikli sığorta eyni obyektin bir neçə sığortaçı tərəfindən birgə sığortasıdır. Sığorta təminatının bu üsulu, bir qayda olaraq, iri obyektlərin sığortalanmasında istifadə edilir. Başqa sözlə, bir sığortaçı təkbaşına kifayət qədər “bahalı” riski sığortalamaq iqtidarında olmadıqda, şərikli sığorta mexanizmi tətbiq edilir. Burada sığortalının razılığı ilə təklif edilən eyni obyekt bir sığorta müqaviləsi ilə bir neçə sığortaçı tərəfindən sığortalana bilər. Eyni riskin sığortalanmasında iki və daha çox sığortaçı iştirak edir və bu zaman ümumi bir sığorta müqaviləsi tərtib edildiyi kimi, hər iştirakçının payına uyğun sığorta məbləği həcmində ayrı-ayrı sığortaçının öz müqaviləsi də tərtib edilə bilər. Şərikli sığorta müqaviləsində hər bir iştirakçının hüquq və vəzifələrini müəyyən edən şərtlər olmalıdır.
Şərikli sığortaçılarla sığortalı arasında razılaşma əsasında şərikli sığortaçılardan biri sığortalı ilə münasibətdə bütün şərikləri təmsil edə bilər. Bu cür şəriklini sığorta ədəbiyyatında “aparıcı sığortaçı” (ingiliscə, leading insurer) adlandırırlar. Lakin “aparıcı” olmasına baxmayaraq, o, sığortalı qarşısında yalnız öz payı həcmində məsuliyyət daşıyır. Hər halda aparıcı şərikli sığortaçı sığortalı ilə qarşılıqlı münasibətlərdə, o cümlədən, sığorta müqaviləsinin hazırlanmasında, sığorta şərtlərinin dəyişdirilməsində, məsləhət xidmətinin göstərilməsində və sığorta müqaviləsi ilə bağlı digər prosedur işlərin aparılmasında bütün iştirakçıları təmsil edir. Görülən bu işlərin müqabilində digər şəriklər aparıcı şərikliyə aldıqları komissiya məbləğindən 3-5 faiz “zəhmət haqqı” ödəyirlər.
Təkrarsığorta və şərikli sığorta daxılları
Şərikli sığortanın tətbiq edilməsinin ən mükəmməl üsullarından biri “sığorta daxılı”dır. Daxıl bəzi “bahalı” risklərə mükəmməl təminat vermək üçün öz imkanlarını birləşdirən sığortaçıların və təkrarsığortaçıların qrupudur. Sığorta daxılları konkret biznes sinifləri (yanğın, dəniz, qiymətli kağızlar) və risklər üzrə (təbii fəlakətlər, terrorizm) ixtisaslaşa bilərlər.
Müasir sığortaçılıqda daxılların faydaları heç kəsdə şübhə doğurmur. Onlardan bir neçəsini aşağıdakı qaydada sıralaya bilərik:
• Daxıl bütün iştirakçıların maliyyə imkanlarını səfərbər edir və onu böyük bir “gücə” çevirir, halbuki iştirakçılar dəyəri milyonlarla ölçülən obyektləri ayrı-ayrılıqda sığortalamağa hazır olmurlar;
• Ayrı-ayrı daxıl iştirakçılarına mənsub olan texniki təcrübə və nou-hau-dan bütün iştirakçılar ‘bəhrələnir’ və peşəkarlıq baxımından zənginləşirlər;
• Konkret sığorta bazarının mükəmməl şəkildə tənzimlənməsi mümkün olur;
• Müasir dünyanın ağır katastrofik risklər üzrə (terrorizmdən, qlobal istiləşmədən və s. irəli gələn risklər) sığorta təminatı məsələsi öz həllini tapır;
• Daxıl iştirakçılarının təmsil olunduğu dövlətlər iri miqyaslı katastrofik risklərdən doğan böyük həcmli zərər və itkiləri aradan qaldırmaq yükündən azad olur və ya bu yük kifayət qədər azalır.
Daxıl üzvləri öz güclərini birləşdirir və bütün iştirakçıların adından onların təklif etdikləri riskləri daxıla qəbul edən peşəkar bir anderrayter təyin edirlər. Daxıl, ümumiyyətlə ən çox risk payına malik olan iştirakçı tərəfindən idarə oluur. Odur ki, bütün müvafiq prosesləri idarə edən anderrayteri də həmin iştirakçı verir.
İnkişaf etmiş ölkələrdə böyük şərikli və təkrarsığorta daxılları fəaliyyət göstərir. Məsələn, Fransada yaradılmış məşhur Assurpol daxılı böyük miqyaslı katastrofik ekoloji risklərə görə təminat verir. GARET adlı digər sığorta daxılı isə terrorizmlə bağlı risklərə görə iştirakçıların imkanlarını birləşdirir. Almaniyada təsis edilmiş Extremus adlı şirkət də terrorizmlə bağlı riskləri tənzim edir. Bu daxıl müasir dünya sığortasında dövləti, sahibkarları və sığortaçıları birləşdirən ən mükəmməl tərəfdaşlıq nümunəsi hesab edilə bilər. Əsası qardaş Türkiyədə qoyulmuş TCİP (Turkish Catastrophe İnsurance Pool) Fransa və Almaniyada fəaliyyət göstərən daxıllardan fərqli olaraq, yalnız zəlzələ risklərinə görə təminat verir. Bu cür daxıllar digər ölkələrdə də vardır.
Ölkəmizdə isə böyük risklərin mükəmməl şərikli sığortalanmasını təmin edəcək normal sığorta daxılı yoxdur. Ümumiyyətlə, qeyd etmək yerinə düşər ki, Azərbaycanda nəinki yaxşı təşkil olunmuş sığorta daxılı yoxdur, heç sadə iş prinsipinə əsaslanan şərikli sığorta mexanizmi də kifayət qədər tətbiq olunmur. Halbuki, özəl sığortaçılığın qısa tarixində bu cür təcrübə artıq mövcud olmuşdu. Belə ki, bir vaxtlar ölkədə fəaliyyət göstərən iri sığorta şirkətləri 12 aprel 2004-cü il tarixli “Yanğından icbari sığorta haqqında” AR Qanununun dolğun icrasını təmin etmək məqsədilə öz aralarında bağladıqları saziş əsasında sığorta daxili yarada bilmişdilər.
Təkrarsığorta və şərikli sığortanın müqayisəsi qısa tezislərlə
- Şərikli sığortanın zahirən təkrarsığorta ilə bəzi oxşarlıqları vardır. Əsas oxşarlıq ondan ibarətdir ki, həm şərikli sığorta, həm də təkrarsığorta sığortaçıların sabit maliyyə fəaliyyətinin təmin edilməsində ən səmərəli alətlərdən biri kimi çıxış edir.
- Hər iki halda söhbət sığorta obyekti üzrə riskin bir neçə sığortaçı arasında bölüşdürülməsindən gedir.
- Müvafiq sığorta növü üzrə fəaliyyət göstərməyə icazəsi olmayan sığortaçı nə şərikli, nə də təkrarsığortada iştirak edə bilməz.
- Təkrarsığorta ilk sığortaçı tərəfindən götürülmüş riskin sonradan bütövlükdə, yaxud bir hissəsinin digər sığortaçıya ötürülməsini nəzərdə tutur, şərikli sığortada eyni bir risk bir neçə sığorta şirkəti arasında bölüşdürülür.
- Təkrarsığortada risk ötürülən tərəf təkrarsığortaçı adlanır, lakin şərikli sığortada bütün şərikli tərəflər birbaşa sığortaçılardır.
- Təkrarsığortada təkrarsığortaçının sığortalı və ya sığorta olunanla birbaşa əlaqəsi olmur, lakin şərikli sığortada bütün sığortaçıların sığortalı və ya sığorta olunanla birbaşa əlaqəsi olur.
- Təkrarsığorta birbaşa sığortaçının qəbul etmiş olduğu risklərin sonradan təkrarsığorta müqaviləsi əsasında digər təkrarsığortaçıya (təkrarsığortaçılara) ötürülməsini nəzərdə tutur, lakin şərikli sığortada bir sığortaçının imkanından yuxarı olan risklər müxtəlif nisbətdə paylaşılır və tam təminat verilir.
- Şərikli sığortanın əsas prinsiplərindən biri də ondan ibarətdir ki, müqavilənin bütün tərəfləri üçün eyni şərtlər tətbiq olunur, o cümlədən həm tariflər, həm də azadolma məbləği bütün tərəflər üçün eyni olur.
- Təkrarsığortada isə əksər hallarda bu prinsip gözlənilmir. Belə ki, ilkin sığortaçı sığortalıdan qəbul etdiyi riskləri fərqli şərtlərlə və fərqli qiymətə, başqa sözlə, özünə sərf edən tərzdə ötürməyi təkrarsığortaçı ilə razılaşdıra bilər.
- Şərikli sığortanın şərtlərinə əsasən sığorta hadisəsi baş verdikdə, sığorta ödənişinin verilməsi üzrə bütün şərikli sığortaçıların öz məsuliyyət payı həddində öhdəlikləri yaranır.
- Şərikli sığorta müqaviləsinə əsəsən sığortalı sığorta ödənişi üçün şərikli sığortaçılardan hər birinə qarşı onların pay nisbəti həcmində iddia qaldırmaq hüququna malikdir.
- Təkrarsığortada isə vəziyyət tam fərqlidir. Belə ki, burada yalnız ilk sığortaçı sığorta ödənişinin sığortalıya verilməsi üzrə tam və birbaşa məsuliyyət daşıyır. Digər sığortaçılar-təkrarsığortaçılar isə sığortalıya münasibətdə birbaşa məsuliyyət daşımırlar.
Təkrarsığorta və şərikli sığorta anlayışları-terminlər
Müasir dövrdə dünya sığortaçılığında təkrarsığorta və şərikli sığortada aşağıdakı terminlərdən geniş istifadə olunur:
Sedent - təkrarsığortalı
Sessioner – təkrarsığortaçı
Sessiya – risklərin ötürülməsi prosesi
Retrosessiya – təkrarsığortaçının qəbul etmiş olduğu riski növbəti sığortaçıya (təkrarsığoartaçıya) ötürməsi prosesi
Retrosessioner – təkrarsığortaçının qəbul etmiş olduğu riski qəbul edən növbəti təkrarsığortaçı
Retrosedent – riski retrosessiyaya ötürən təkrarsığortaçı
Tantyema – Bu, təkrarsığortalının təkrarsığortaçının mənfəətində iştirakını nəzərdə tutan həvəsləndirmə forması, mənfəətdən komissiyadır. Tantyema hər il təkrarsığortalının verdiyi müqavilələrdən əldə olunan xalis mənfəətin müəyyən hissəsi qədər ödənilir. Tantyema haqqında qeyd-şərt təkrarsığorta müqavilələrində öz əksini tapır.
Superkomissiya (Eng.: Super comission) – Xarici təkrarsığortaçı tərəfindən sedentə ödənilən təkrarsığorta müqaviləsinin aparılması və təşkili üzrə (Sedentin sığorta hadisələrinin araşdırılması və zərərin qiymətləndirilməsi ilə bağlı xərclərində (cəlb olunmuş ekspertlərə görə xərclərdə) təkrarsığortaçının iştirakını nəzərdə tutur) xərclərə görə əsas komissiyaya əlavə
Kvotalı təkrarsığorta (Eng.: quota-share reinsurance)
Müəyyən olunmuş hədlərdə razılaşdırılmış sığorta növü üzrə risklərin təkrarsığortaçıya ötürülmüş müəyyən faizinə sığortaçı sedent tərəfindən təminat verməsi.
Şərikli sığorta/təkrarsığorta daxılı (Eng.: coinsurance/reinsurance pool)-
Bütün iştirakçıların mənfəətinin ümumi fondda toplandığı, sonra isə onların arasında əvvəlcədən razılaşdırılmış nisbət (kvota) üzrə bölüşdürüldüyü kartel növü. Sığortada müəyyən risk növlərindən birgə sığorta olunmaq üçün (əsasən iri və az tanınmış) sığortaçıların (şərikli sığortaçıların və ya təkrarsığortaçıların) müqavilə əsasında yaradılmış birliyi. Bu, birgə sığorta prinsiplərinə əsaslanır.
Aparıcı şərikli sığortaçı (Eng.: Leading coinsurer) Şərikli sığortaçılarla sığortalı arasında razılaşma əsasında aparıcı şərikli sığortaçı sığortalı ilə münasibətdə bütün şərikləri təmsil edir.
Fakultativ-obliqator təkrarsığorta – təkrarsığorta müqaviləsi formasıdır. Burada sedent sığorta riskini təkrarsığortaya verib-verməməyi özü seçir, eyni zamanda təkrarsığortaçı ötürülən riski qəbul etməyə borcludur.
Franting – təkrarsığorta forması və ya əməliyyatıdır. Sığorta şirkəti sığorta müqaviləsini tərtib edir, lakin riski tamamilə başqa sığortaçıya verir. Sığortaçının daxil ola bilmədiyi bazara daxil olmaq istədiyi zaman həyata keçirilir. Belə şirkət yerli sığorta şirkətinə müraciət edərək, mükafat müqabilində sığorta müqaviləsini tərtib etməyi xahiş edir, riski və sığorta haqqını öz üzərinə keçirir. Təcrübədə sığortaçılar bu cür müqavilələrə çox ehtiyatla yanaşırlar. Belə ki, sığorta müqaviləsini bağlayan ilkin sığortaçılar kimi onlar, iddialar irəli sürülən zaman məsuliyyət daşıyırlar.
Məbləğ ekssedenti (Eng.: Excees of sum) – Mütənasib təkrar sığorta müqaviləsinin bir növüdür.
Zərər ekssedenti (Eng.: Excess of loss) - Bu, qeyri-mütənasib təkrarsığorta müqaviləsinin bir növüdür; sığortaçını ən böyük və proqnozlaşdırılmayan zərərlərdən qoruyur; sığorta hadisəsi yaxud sığorta hadisələri seriyasının baş verdiyi hallarda zərərin (ziyanın) məbləğinin razılaşdırılmış məbləği aşdığı zaman qüvvəyə minir.
Zərərlilik ekssedenti (Eng.: Stop loss) – təkrarsığorta müqaviləsidir. Təkrarsığortaçı sığortaçı-sedentə bütün zərərləri, yaxud bütün sığorta portfeli üzrə müəyyən həddən yuxarı olan (təkrarsığortada xalis şəxsi tutumdan) hissəsinin əksər hissəsini maksimum razılaşdırılan məbləğə qədər ödəməyə razılıq verir.
Müəllif: FED.az üçün, sığorta eksperti Şükür Hüseynov