Azərbaycanın sığorta bazarında nisbi sakitlik davam edir.
Sığorta şirkətlərinin ödəniş/yığım nisbəti üzrə - RENKİNQİ – (YANVAR-APREL, 2026)
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, sığorta xidmətlərində və toplanan sığorta haqlarında ciddi keyfiyyət və kəmiyyət dəyişikliyi baş vermir. Sığorta haqlarının artımı inflyasiyadan da aşağıdır, əvəzində müxtəlif hadisələr nəticəsində ödənişlərin məbləğində artımlar baş verir.
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 610 milyon 216 min manat sığorta haqqı toplanıb.
FED.az portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə 304 milyon 353 min manat sığorta ödənişi edilib.
Ötən ilin eyni dövrü ilə müqayisə etdikdə toplanan sığorta haqları 21 milyon 750 min manat (3,7%), sığorta ödənişləri isə 73 milyon 20 min manat (31,6%) artıb.
Məlumat üçün bildirək ki, ötən ilin eyni dövründə 588 milyon manat sığorta haqqı toplanmış, 231 min manat sığorta ödənişi edilmişdi.
Bu ilin ilk 4 ayının nəticələrinə görə, sığorta sektorunun şərti zərərliliyi təqribən 50%-təşkil edir. Yəni sığorta şirkətləri toplanan hər 100 manat sığorta haqqı üzrə 50 manat ödəniş ediblər.
Ötən ilin eyni dövründə isə sığorta sektorunda zərərlilik cəmi 39% idi.
Bu il Azərbaycanın sığorta bazarında toplanan sığorta haqlarının böyük hissəsi - 518 milyon manatı könüllü sığortanın payına düşüb. Bu bütün sektor üzrə yığılan məbləğin 85%-i deməkdir.
İcbari sığorta üzrə isə 92,2 milyon manat toplanıb – bütün yığımlar üzrə 15%.
Ötən ilin eyni dövrü ilə müqayisə edəndə könüllü sığortalar üzrə sığorta haqları 66 milyon manat və ya 14,6% artıb. İcbari sığorta üzrə yığımlar isə 44 milyon manat və ya 32% azalıb.
İlk 4 ayda Azərbaycanda Sığorta ödənişlərinin 250 milyon 643 min manatı (82%-i) könüllü sığortanın, 53 milyon 710 min manatı (18%-i) icbari sığortanın payına düşüb. Könüllü sığorta üzrə zərərlilik göstəricisi 48,4%, icbari sığorta üzrə zərərlilik göstəricisi 58,2% olub.
Hesabat dövründə könüllü həyat sığortası sinifi sektorun böyük hissəsini 57%-ini tutub. Bu sinif üzrə yığımlar 348,7 milyon manat, ödənişlər 206 milyon manat olub. Qeyri-həyat sığortası üzrə yığımlar isə 169,2 milyon manat, ödənişlər 44,6 milyon manat olub.
Bu ilin ilk dörd ayında icbari həyat sığortası üzrə yığımlar 22,8 milyon manat, ödənişlər 960 min manat olub. Bu sığorta sinifi üzrə zərərlilik göstəricisi cəmi 4,2% olub, - yəni toplanılan hər 100 manat sığorta haqqından 4,2 manat ödəniş edilib.
Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar isə 11,6 milyon manata çatıb, bu sahədə ödənişlər isə 988 min manat olub.















