Ölkədə kənd təsərrüfatı üzrə sığorta ödənişlərinin 93%-nə sahib olab “Azərbaycan Sənaye Sığorta” şirkəti ötən il ən böyük sığorta ödənişini də məhz bu sahəyə ödəyib.
Sığorta şirkətindən FED.az-a verilən məlumata görə, ən böyük sığorta ödənişi 528 min 264 manat təşkil edib. Ödənişə, Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən sahibkarın şəkər çuğunduru sahəsinə dəymiş zərər səbəb olub. Ödəniş ötən ilin yanvar ayında olub. Təbiət hadisəsi nəticəsində məhsulu don vurub və yararsız hala düşüb.
Növbəti ən böyük sığorta ödənişi də Bilasuvar rayonu ərazisində baş verib. Bu dəfə də təbiət hadisəsi nəticəsində özəl sahibkarın şəkər çuğunduru sahəsinə zərər dəyib. Məhsul məhv olub. Sığorta şirkəti bildirir ki, 2017-ci ilin mart ayında bu hadisəyə görə isə 76 min manat sığorta ödənişi edib.
“Azərbaycan Sənaye Sığorta” şirkətinin ötən il ödədiyi ən böyük üçüncü sığorta ödənişi isə yük sığortası istiqamətindədir. Ötən ilin dekabr ayında qeydə alınmış ödəniş, daşınan yükə dəymiş zərərə görə ödənilən məbləğ 26 min 335 manat təşkil edib.
Şirkət sorğumuza cavab olaraq ötən il sığorta növləri üzrə ən böyük ödənişini də açıqlayıb. Belə ki, “Azərbaycan Sənaye Sığorta” şirkəti tərəfindən 2017-ci ildə könüllü tibbi sığorta növü üzrə ümumi olaraq 1 milyon 382 min 514 manat, kənd təsərrüfatı məhsullarının sığortası növü üzrə 1 milyon 318 min 64 manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə isə 556 min 487 manat sığorta ödənişi edilib.
“Sənaye Sığorta”nın ən böyük ödənişi – 528 MİN MANAT
10:21
19 Fev 2018