2025-ci ilin ilk 9 ayında Azərbaycanın sığorta şirkətləri tərəfindən ümumilikdə 683 milyon 896 min manat sığorta ödənişi həyata keçirilib.
FED.az rəsmi statistikaya istinadən xəbər verir ki, sığorta ödənişlərinin həcminə görə bazarın lideri böyük fərqlə "Paşa Həyat Sığorta" ASC olub. Şirkət 9 ay ərzində 427 milyon 62 min manat sığorta ödənişi edib.
İkinci yerdə isə 102 milyon 969 min manatla "Paşa Sığorta" ASC qərarlaşıb. Beləliklə, bu iki şirkət birlikdə 530 milyon 31 min manat ödəniş həyata keçirərək, bütün bazar ödənişlərinin təxminən 77,5%-ni təmin edib.
Siyahıda üçüncü yerdə "Atəşgah Həyat" Sığorta Şirkəti ASC gəlir. Şirkətin ödənişləri 47 milyon 513 min manat təşkil edib. İlk beşliyi "Atəşgah" Sığorta Şirkəti ASC (29 milyon 471 min manat) və "Qala Sığorta" ASC (19 milyon 401 min manat) tamamlayıb.
Siyahıda növbəti yerlərdə gələn şirkətlər arasında 10 milyon manatdan çox ödəniş edən yalnız "Meqa Sığorta" ASC (11,8 milyon manat) olub. "Azərbaycan Sənaye Sığorta" ASC (9 milyon manat), "A-Qroup Sığorta Şirkəti" ASC (8,3 milyon manat) və "Xalq Sığorta" ASC-nin (7,6 milyon manat) ödənişləri isə 10 milyon manata yaxındır.
5 milyon manatdan az ödəniş edən şirkətlər arasında "Aqrar Sığorta" ASC (5 milyon manat), "AtaSığorta" ASC (4,1 milyon manat), "Xalq Həyat" Sığorta Şirkəti ASC (4,1 milyon manat), "Meqa Həyat Sığorta" ASC (3,9 milyon manat) və "Qala Həyat" Sığorta Şirkəti ASC (2,2 milyon manat) yer alıb. Ən az ödəniş edən şirkətlər isə "AzSığorta" ASC (1,4 milyon manat) və "İpək Yolu Sığorta" ASC (220 min manat) olub.














