Ələt-Azad İqtisadi zonasına biz yüksək əlavə dəyərli ixrac yönümlü məhsul istehsal edən şirkətləri cəlb edirik.
Ələt Azad İqtisadi Zonasında şirkətlərin fəaliyyət göstərməsi üçün şərtlər - AÇIQLANDI
FED.az xəbər verir ki, bunu Ələt-Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Ələt-Azad İqtisadi Zonasında keçirilən ictimai dinləmədə deyib. O bildirib ki, digər məqsədli müəssisələrin əraziyə buraxılmasına yol verilmir:
"Biz bunu açıq-aydın hər yerdə deyirik. Yəni burada anbar yaratmaq, məhsulunu paylamaq istəyənlərə icazə verilmir. İstehsal burada olmalı və buradan paylanmalıdır. Burada bir logistika mərkəzi var və o da müştərilərimizə mərkəzləşdirilmiş şəkildə xidmət göstərəcək. Qalan müəssisələrin hamısı istehsal müəssisələridir".
"Burada fəaliyyət göstərən müəssisələrdə istehsal olunan məhsulun 75 faizi xaricə ixrac olunmalıdır. Çünki icrac olunursa, deməli, keyfiyyət var. Eyni zamanda nəzərə almaq lazımdır ki, buradakı üstünlük və güzəştlərdən istifadə edən müəssisələr məhsulu Azərbaycan bazarına daha ucuz qiymətə çıxararsa, bu zaman buradakı müəssisələr rəqabətə dözə bilməyəcəklər. Ona görə belə bir şərt var. Əgər müəssisə istehsalının 75 faizdən az hissəsini xaricə ixrac edərsə, o zaman fəaliyyətini davam etdirəcək, lakin güzəşt və üstünlüklərdən azad olunacaq. Müəssisə avtomatik olaraq Azərbaycan müəssisəsinə çevrilərək bütün vergi, rüsumları ödəyəcək. Yəni rəqabət olacaqsa, ədalətli olacaq", - deyə o qeyd edib.
Valeh Əsgərov çıxışı zamanı həmçinin qeyd edib ki, Ələt-Azad İqtisadi Zonasında müəssisə yaradan şirkətləri Azərbaycan müəssisələri ilə əlaqələndirməyə də çalışılır:
"Bu əlaqələndirmə bizim işimiz olmasa da, edirik. Məsələn, burada elektrik dalma nasosları istehsal edən şirkət Sumqayıtdakı müəssisədən ildə 3 milyon metrə yaxın kabel alacaq. Bu, çox böyük rəqəmdir. Yeni iş yerləri, qazanc, yeni bilik, təcrübə deməkdir".