Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" haqqında qanun layihəsini imzalayıb.
FED.az xəbər verir ki, Tramp senator Lindsi Qrehemin Rusiyaya və onun ən böyük enerji alıcılarına qarşı sanksiyalar və tariflər tətbiq edən qanun layihəsini imzalayıb.
Rusiya tərəfi isə bildirib ki, bu addım Ukraynadakı münaqişənin həllini çətinləşdirəcək.
«Cəhənnəm sanksiyaları» adlandırılan sənəd Rusiyaya və onun ən böyük enerji alıcılarına qarşı sanksiyalar və tariflər tətbiq edir.
Sanksiyalar barədə qanun layihəsinin ilkin versiyası 2025-ci ilin aprel ayında Respublikaçı Lindsi Qrem və Demokrat Riçard Blumental tərəfindən təqdim edilib. Bu layihə, xüsusilə həm Rusiya mallarına, həm də Rusiyadan neft qaz alan ölkələrin mallarına 500% idxal tarifləri tətbiq etməyi nəzərdə tutur.
Amma Ağ Evdə aparılan müzakirələrdən sonra layihənin mətnində ciddi dəyişikliklər edilib. Belə ki, 3-cü ölkələrə qarşı ikinci dərəcəli tariflərin maksimum dərəcəsi 100%-ə endirilib. Eyni zamanda sanksiyaların Rusiyadan neft-qaz alan bütün ölkələrə deyil, Rusiyadan ən çox neft alan 5 ölkəyə aid edilməsi qərara alınıb.
Amma Rusiyadan birbaşa ABŞ-a gətirilən mallar üçün gömrük tarifi 500% olaraq qalıb. Bu rəqəm faktiki olaraq Rusiya mallarının ABŞ-a idxalını qadağan etmək deməkdir.
Tariflərdən əlavə, sənəd Rusiyanın yüksək vəzifəli məmurlarına, dövlət qurumlarına, banklarına, iri sahibkarlara, müəssisələrə və kölgə donanma gəmilərinə qarşı sanksiyalar tətbiq edir.
İnvestisiya və maliyyə əməliyyatlarını məhdudlaşdırır və Rusiya uranının idxalına qarşı tədbirlər nəzərdə tutur.
Sanksiyalar Rüsiyadan qaz alanlara da aid olacaq, amma Rusiya qazının idxalçıları üçün istisna edilir: əgər ölkənin payı Rusiyanın illik qaz ixracının 15%-dən azdırsa və alışları azaltmaq üçün əhəmiyyətli addımlar atırsa, onlara ikinci dərəcəli rüsumlar tətbiq olunmayacaq.
Qanun layihəsində bildirilir ki, Prezident Administrasiyası qanunun qüvvəyə minməsindən sonra 30 gündən gec olmayaraq əsas sanksiyaların və tariflərin əksəriyyətini tətbiq etməlidir. Lakin, prezident milli təhlükəsizlik maraqları naminə tələb olunarsa, məhdudiyyətləri dayandırmaq hüququnu özündə saxlayır.
Qanun layihəsinin Nümayəndələr Palatasında qəbulundan sonra Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bu addımın "Ukraynada sülh yolu ilə həll tapmaq səylərini çətinləşdirəcə"yini bildirib.
Trampın xahişi ilə qanun layihəsinə İrana aid bölmə də əlavə edilib və 1996-cı il ABŞ-ın İrana qarşı sanksiyalar qanununun 2031-ci ilə qədər uzadılması təklif edildi. Nəticədə yenilənmiş versiya Lindsey O. Grahamın 2026-cı il Rusiya və İrana qarşı sanksiyalar qanunu adlandırıldı.












