Türkiyənin qaynaqçılıq sənayesinin bir nömrəli müəssisə oilan "Gedik Kaynak" şirkəti Neftçala Sənaye Məhəlləsində yeni istehsal müəssisəsini və Bakı şəhərində ofisini açıb.
Eləcə də bax: Məşhur holdinq: «Azərbaycan bazarının 50%-ni əhatə edəcəyik» - MÜSAHİBƏ
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, Azərbaycanla bağlı planları barədə danışan “Gedik Holding”in İdarə Heyətinin sədri Hülya Gedik bildirib ki, onlar yerli qaynaqçılıq sahəsində 50% paya malik olmaq istəyirlər: "Biz 1995-ci ildən bəri Azərbaycan bazarındayıq. Bu bazar bizim üçün yad deyil. Burada “GeKa” markası ilə təmsil olunuruq. Azərbaycanın qaynaq (elektrod) bazarının iştirakçıları bizim brendimizi tanıyırlar. Hər ölkədə mütləq qaynaq (elektrod) istehsalının olması lazımdır. Çünki, bu bir sıra sahələrin inkişafına dəstək verir. Burada istehsal olmadığı üçün düşündük ki, Azərbaycanda istehsal müəssisəsi açaq və Neftçalada müəssisə qurduq. Düzdür, Türkiyədən Azərbaycana ixrac həyata keçiririk və ixracımız bundan sonra da davam edəcək. Azərbaycan bazarının 50%-nə nəzarət etməyi düşünürük və atdığımız addımlar hədəfimizə çatmaq üçündür.
Düşünürəm ki, doğru zamanda doğru yerdəyik. Qarabağın Azərbaycana qaytarılmasından sonra da orada çalışan bir çox türk şirkətlərinə də məhsul veririk. Həmçinin birbaşa satışlarımız da var. Bununla satışlarımızın genişlənəcəyini, investisiyalarımızın bir qədər də artacağını, məşğulluğa bir qədər də dəstək verəcəyimizi düşünürəm”.
Şirkət rəsmisi əlavə edib ki, “Gedik Holding” geniş çeşidli məhsulları ilə azad edilmiş torpaqlarda həyata keçirilən yenidənqurma və bərpa işləri zamanı artan tələbatı qarşılamağa hazırdır: “Əgər Qarabağda da daha böyük layihələr həyata keçirə bilsək, orada da istehsal müəssisəsi qurmaq istəyirik. Onu da qeyd edim ki, biz burada istehsal həyata keçirəcəyimiz üçün məhsullarımız idxal etdiyimizdən daha ucuz başa gələcək. İndidən biz bazarın təxminən 50%-nə nəzarət etməyi planlaşdırırıq. Bir sözlə, biz bazarda bir nömrəli qaynaq istehsalçısı olmaq istəyirik”.
Azərbaycan hökuməti ilə bir sıra məsələlər üzrə müzakirələr apardığını qeyd edən Hülya Gedik müəyyən gömrük güzəştlərinə nail olmaq niyyətində olduqlarını açıqlayıb: “Bildiyiniz kimi elektrod istehsalı üçün lazım olan xammal Azərbaycanda yoxdur. Biz bunu Türkiyədən idxal edirik. İdxal üçün isə 5%-lik gömrük rüsumu ödəyirik. Bu məsələ ilə bağlı hökumətlə sıx təmaslardayıq. İstəyirik ki, həmin rüsumun da aradan qaldırılmasına nail olaq. Əgər həmin rüsum ləğv edilsə biz müştərilərimizə daha ucuz məhsul təqdim edə bilərik.
Bu gün Türkiyə ilə Azərbaycan arasındakı illik ticarət dövriyyəsinin dəyəri 5 milyard dollar səviyyəsindədir. Hədəfimiz bu rəqəmi 15 milyard dollara çatdırmaqdır. Düşünürəm ki, bu məqsədə asanlıqla çatarıq”.
Şirkət 2022 və 2023-cü illər ərzində Azərbaycanda 9 000 ton/il elektrod istehsalı və satışı planlaşdırır. Satışların 75% daxili bazara çıxarılacaq, 25%-i isə ixrac olunacaq. MDB ölkələrinə, xüsusən də Türk ölkələrinə ixrac satışlarının həyata keçirilməsi də əsas planlar arasındadır.
Rəsmi məlumatlara görə də 2023-cü ildən sonra güc artımı və məhsul müxtəlifliyi təmin ediləcək və istehsal həcminin ildə 20 min tona çatdırılması, şirkətin dövriyyəsini isə 50 milyon manata çatdırmaq planlaşdırılır.
“Gedik Holding”in tərkibində Gedik Təhsil Fondu da fəaliyyət göstərir. Məhz bu Fondun dəstəyi ilə Gedik Test Mərkəzi və İstanbul Gedik Universitetinin təcrübəsi Azərbaycana gətiriləcək. Bu isə Azərbaycanda qaynaqçılara peşə təlimlərinin keçirilməsinə və peşəkar qaynaqçıların yetişməsinə imkan verəcək.
“Gedik Holding”, təhsil və istehsal sahəsindəki bilik və bacarıqları ilə Türkiyədə olduğu kimi, Azərbaycanda da fərq yaradacaq.
Xatırladaq ki, “Gedik Holding”in təməli 1963-cü ildə qaynaq materialları istehsalçısı olaraq “Gedik Kaynak” ilə qoyulub. “Gedik Kaynak”, bu illər ərzində biznes həyatını uğurla davam etdirib və sektorunda liderə çevrilib. “Gedik Holding” daha sonra poladtökmə, vana, kapital bazarı və təhsil kimi bir çox fəaliyyət sahələrinə qatılıb və bu sahələrdəki şirkətləri ilə Türkiyənin ən köklü və ən dəyərli qurumlarından biri olub.
“Gedik Holding”də 1 500-dən çox insan çalışır. Yeniliklərə və investisiyalara verdiyi əhəmiyyətlə Gedik hər keçən gün böyüyən, özünü qlobal və yerli iqtisadi şərtlərə və dəyişikliklərə uyğunlaşdıra bilən, strateji sahələrdəki inkişafı yaxından izləyən və tez reaksiya verən böyük bir cəmiyyətə çevrilib.
“Gedik Kaynak”, “Gedik Termo Vana” və “Gedik Müasir Tökmə Texnologiyaları şirkətləri”, Ankara, Bursa, Antalya, İzmir, Adana, Trakya, Ərzurum, Kayseri, Konya, Samsun, Eskişehir, İstanbul baş ofisi ilə bölgə ofisləri ilə geniş satış və xidmət təcrübəsinə malikdir.
Avropadakı müştərilərinə daha sürətli xidmət göstərmək üçün Qrup 2009-cu ildə Hollandiyada “Gedik Europe” adı ilə satış ofisi açıb. Bundan əlavə, Qrupun Amerika, Rusiya, Yaxın Şərq, Şimali Afrika və Cənubi Asiyada ortaqları var.
“Gedik Holding”, hər şeyə ehtiyacı olan “Gedik Kaynak”, “Gedik Termo Vana” və Gedik Tökmə məhsullarının şaxələndirilməsi və tutumunun artırılması məqsədi ilə Sakarya Hendek 2-ci Mütəşəkkil Sənaye Bölgəsində 261 700 m² sahədə yeni və müasir bir obyekt qurub.
“Gedik Holding” 1994-cü ildə sosial məsuliyyət anlayışı və əlaqəli sektorlarda, xüsusən qaynaq sahəsində ixtisaslı kadr ehtiyacının ödənilməsinə kömək etmək üçün Gedik Təhsil və Sosial Yardım Fondunu qurub.