Bu gün oktyabrın 20-də Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı - Rebuild Karabakh 2021" sərgisi işinə başlayıb.
FED.az xəbər verir ki, bu, işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı keçirilən ilk sərgidir.
Beynəlxalq və yerli tikinti, sənaye və digər şirkətlərin iştirak etdiyi sərgiyə Avropanın ən böyük qaynaq firması olan Türkiyənin «Gedik Holding» şirkəti də qatılıb. Türk Qaynaq sənayesinin bir nömrəli istehsalçısı olan «Gedik Kaynak», Azərbaycanda Neftçala Sənaye Məhəlləsində yeni istehsal müəssisəsini və Bakı şəhərində əlaqə ofisini açdı.
Eləcə də bax: Azərbaycanda işləyən Türkiyə vətəndaşlarının sayı - AÇIQLANIB
FED.az-a müsahibəsində «Gedik Holding»in direktoru Hülya Gedik şirkətin Azərbaycanldakı fəaliyyəti və planlarını açıqlayıb:
- Hülya xanım, «Gedik Holding»in Azərbaycanda nümayəndəliyi fəaliyyətə başlayıb. Bəs istehsal müəssisəniz nə vaxtdan fəaliyyətə başlayacaq. Fəaliyyətinə təqribən nə qədər yatırım ediləcək?
- Artıq Azərbaycanın Neftçala rayonunda istehsalat müəssisəsinin fəaliyyətinə başlamışıq. Hələ ki, 5 milyon manat yatırım etmişik. İlk addım olaraq bu qədərini düşündük. Lakin bu rəqəmi - yatırım miqdarını bir müddətdən sonra artırmağı düşünürük.
- Bu müəssisədə nə qədər iş yeri açılacaq?
- Hazırki mərhələdə 100 nəfərlik işçini təmin edəcək qədər iş yeri aça bilirik.
- «Gedik Holding» Azərbaycanda hansı məhsulların istehsalını nəzərdə tutur?
- Hazırda müxrəlif qaynaq məhsullarını istehsal edirik. Bununla yanaşı qaynaq tellərinin də istehsalını nəzərdə tuturuq. Sonrakı mərhələdə yatırım həcmini artırıb yeni məhsullar da istehsal edə bilərik. Çünki hazırda bazar günbəgün inkişaf edir.
- Bəs bu məhsulların daxili bazarının həcmi təqribən nə qədərdir?
- Azərbaycanda bu məhsulların daxili bazarının 300 min ton civarında olduğunu düşünürəm.
- Gedik Holding–in Azərbaycanda bazar payı ilə bağlı hədəfi necədir?
- Biz hələ ki bazar payı kimi 50%-i düşünürük. Lakin burada bütün məhsulların istehsalını düşünmürük, onların bir qismi Türkiyədən də gətiriləcək. Bizim şirkətimiz 2022-2023-cü illərdə Azərbaycanda ildə 9000 ton elektrod istehsalı və satışı planlaşdırır. 2023-cü ildən sonra güc artımı və məhsul müxtəlifliyi təmin ediləcək və istehsal həcminin ildə 20 min tona çatması, şirkətin dövriyyəsini isə 50 milyon manata çatdırmağı planlaşdırırıq.
- Bu məhsullar yalnız ölkə daxilində satılacaq, yoxsa xaricə də ixrac etmək planlarınız var?
- Bəli. Türkiyədən gətirdiyimiz məhsullar da var, burada istehsal etdiklərimiz də. Bu məhsulları başqa ölkələrə də ixrac edəcəyik. Burada istehsal etdiyimiz məhsulların 75% daxili bazara çıxarılacaq, 25% isə ixrac olunacaq.
- Hansı ölkələrə ixrac etmək fikrindəsiniz?
- MDB ölkələrinə, xüsusən də Türk ölkələrinə ixrac satışlarının həyata keçirilməsi planlaşdırılır. O cümlədən, Türkmənistana, Özbəkistana, Rusiyaya ixracını düşünürük.
- Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpasında iştirak edirsinizmi?
- Bəli. Biz oraya Gedik Holding-in məhsullarını göndərmişik. Tutaq ki, dəmiryolu inşa olunur, o xətlərin birləşməsi üçün bizim məhsullardan alınır. Bu da bir qatqıdır.
- Həmin bölgələrdə də sənaye məhəllələri yaradılacaq – orada istehsalı qurmağı planlaşdırırsınızmı?
- Biz hazırda sənaye məhəlləsindəyik. Ağdamdakı sənaye parkında artıq adımız var. Ərazi minalardan təmizlənəndən sonra orada istehsalat müəssisəmiz qurulacaq. Bununla bağlı İqtisadi İnkişaf nazirliyi bizi qeydiyyata alıb.
Xatırladaq ki, «Gedik Holding»in təməli 1963 -cü ildə qaynaq materialları istehsalçısı olaraq Gedik Kaynak ilə qoyuldu. Gedik Kaynak, bu illər ərzində ticari həyatını uğurla davam etdirmiş və sektorunda liderə çevrilib. «Gedik Holdinq» daha sonra döküm, vana, kapital bazarları və təhsil kimi bir çox sektoru fəaliyyət sahələrinə qatdı və bu sahələrdə lider şirkətləri ilə Türkiyənin ən köklü və ən dəyərli qurumlarından biri olub. Hazırda «Gedik Holdinq»də 1500 - dən çox insan çalışır.