Azərbaycanın əsas sement istehsalçılarından olan «Holcim Azərbaycan» 2018-ci ildə mənfəətini 4 dəfə artırıb.
FED.az şirkətin illik hesabatına istinadən xəbər verir ki, «Holcim Azərbaycan» ötən ili 7 milyon manatdan artıq mənfəətlə başa vurub. Bu əvvəlki illə müqayisədə 4 dəfədən də artıqıdır.
Hesabata görə, 2018-ci ildə «Holcim Azərbaycan»ın satışları 116,3 milyon manat olub. Bu əvvəlki ildən 9,3 milyon manat artıqdır (2017-də 107 milyon manat olmuşdu).
Eləcə də bax: Azərbaycanda tikinti materiallarının istehsalı artıb
Satışın maya dəyəri isə 64,1 milyon manat olub, bu da əvvəlki ildən 3,9 milyon manat artıqdır. Ötən il şirkət malların çatdırılmasına 15,4 milyon manat, inzibati xərclərə 10,9 milyon manat xərcləyib. 2017-ci illə müqayisədə çatdırılma xərcləri 3 milyon manat artıb, inzibati xərclərdə isə 1,5 milyon manat qənaət edilib. 5,5 milyon manatlıq satış xərclərini də nəzərə alanda 2018-ci ildə şirkətin əməliyyat mənfəəti 20,4 milyon manat olub. 2017-ci ildə isə bu göstərici 15,9 milyon manat idi.
Ötən il «Holcim Azərbaycan» məzənnə fərqindən 973 min manat qazanıb, halbuki 2017-də elə həmin səbəbdən 1,5 milyon manat itirmişdi. Bu maddə də şirkətin mənfəətini artıran səbəblərdəndir.
9,9 milyon manatıq maliyyə xərcini də nəzərə alanda şirkətin vergidən əvvəlki mənfəəti 11 milyon 471 min manat olub. Ötən il isə bu göstərici 3 milyon 16 min manat idi.
«Holcim Azərbaycan»2018-də vergiyə 4,4 milyon manat ödəyərək 7 milyon 67 min manat xalis mənfəətə çıxıb.
Ötən il isə vergiyə ödənilən məbləğ 1 milyon 257 min manat, xalis mənfəət isə 1 milyon 759 min manat təşkil etmişdi.
Hesabata görə 2018-ci ildə «Holcim Azərbaycan»ın aktivləri 13 milyon manat azalaraq 308,3 milyon manata düşüb, cəmi kapitalı isə əksinə, 7 milyon manat artaraq 130 milyon manata çatıb.
Ötən il şirkətin öhdəlikləri də 20 milyon manat azalaraq 178,4 milyon manata enib.
Satışlar yaxşı gedir, qazancı 4 dəfə artıb – HESABAT
14:16
7 İyun 2019