Fabrik ölkənin tütün məmulatlarına olan tələbatının 80 faizini ödəyəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkında “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabrikinin açılışında iştirak edib.
FED.az xəbər verir ki, “Tabaterra” QSC-nin direktoru Elman Cavanşir dövlətimizin başçısına məlumat verib ki, zavodda 3 formatda - ağır, yüngül və daha yüngül olmaqla beynəlxalq standartlara uyğun siqaret istehsal olunacaq və “Made in Azerbaijan” brendi altında istehlakçılara təqdim ediləcək.
Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında qurulan fabrikdə il ərzində 3 növdə 11 milyard ədəd filtrli siqaretlər istehsal ediləcək. Bu isə ölkənin tütün məmulatlarına olan tələbatının 80 faizini ödəyəcək. Ümumilikdə, fabrikdə 13 brendin 80 çeşiddə məhsulunun istehsalı nəzərdə tutulur. Burada istehsal prosesi beynəlxalq keyfiyyət standartlarına tam uyğun surətdə aparılacaq. Ümumi dəyəri 48 milyon dollar olan layihə çərçivəsində 200 yeni iş yeri yaradılıb.
Dövlətimizin başçısı müəssisəni işə salıb.
Sonra Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələrin kollektivlərinin nümayəndələri ilə görüşüb.
Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələrin fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdıran dövlətimizin başçısı bunun ölkə iqtisadiyyatına böyük töhfə verəcəyini deyib, iş yerlərinin yaradılmasında bu cür layihələrin əhəmiyyətinə toxunub. “Sumqayıt Kimya Sənaye Parkının timsalında biz uğurlu sənaye siyasətimizi görürük”, - deyən Prezident İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı bir çox layihələrin həyata keçirildiyini bildirdi, bundan sonra da bu istiqamətdə işlərin görüləcəyini vurğulayıb.